AZ

İranla bağlı ŞOK: “Razılaşma əldə olunmasa...”

“İran ordusu döyüşməyə davam edəcək”.

İranın xarici işlər naziri Abbas Əraqçi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Qüdrətli ordumuz ABŞ prezidenti həm amerikalılara, həm də iranlılara qarşı tətbiq etdiyi qanunsuz müharibənin səhv olduğunu və heç vaxt təkrarlanmamalı olduğunu başa düşənə qədər döyüşməyə davam edəcək. Qurbanlar da kompensasiya almalıdırlar”, - deyə XİN başçısı qeyd edib.

İranda davam edən hərbi qarşıdurmanın nə qədər davam edəcəyi hazırda beynəlxalq gündəmin əsas suallarından biri kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, proseslərin gedişi təkcə regiondakı hərbi vəziyyətdən deyil, həm də böyük güclər arasında formalaşan geosiyasi balansdan asılı olacaq. Xüsusilə, ABŞ və Çin arasındakı rəqabətin dərinləşməsi müharibənin müddətinə və miqyasına birbaşa təsir edə bilər.

SEHLA

Beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə Musavat.com-a şərhində bildirib ki, İranda yaşanan prosesləri sadəcə ABŞ və İsrailin bu ölkəyə qarşı müharibəsi kimi oxumaq yanlış olar. Onun sözlərinə görə, bu, daha geniş miqyasda dəyərləndirilməlidir:

““Make America Great Again” şüarı ilə ABŞ-də hakimiyyətə gələn Tramp dövründə Amerika siyasi isteblişmenti ölkənin qlobal nizamda üstün - dünyəvi polis rolunu bərpa etməyə çalışır. Odur ki, biz Şərqi Avropada Rusiya-Ukrayna müharibəsi, Cənubi Amerikada Venesuela, Yaxın Şərqdə İran hadisələrinə hazırda şahid olmaqdayıq. Son hədəf qlobal nizamda ABŞ-yə qarşı rəqabəti təşkil edən Çinin mövqelərini zəiflətməkdir. Çinlə əməkdaşlığı strateji kursa çevirən və müvafiq çağırışlara məhəl qoymayan, danışıqlar üçün imkanlarını tükədən hakimiyyətlərin bir-bir aradan qaldırılması baş tutur. Məsələn, Venesuela da, İran da, Rusiya da ABŞ-ni heçə sayaraq Çinlə strateji tərəfdaşlıq və enerji əməkdaşlığı edirdilər. Lakin Çinlə əməkdaşlıq edən rejimlərin devrilməsi, hakimiyyətin bu və ya digər formada transformasiyası, yaxud zəiflədilməsi ABŞ-nin təsir imkanlarını artırır. Düzdür, İranda dini hakimiyyətin devrilməsindən danışmaq hələ ki, tezdir. İran hazırda 12 günlük müharibədən daha güclü dayanıqlılıq nümayiş etdirir. Burada Rusiya və Çindən İrana xarici kəşfiyyat və s. dəstəyin göstərilməsi iddiaları var. Əslində Rusiya və Çinin İranın müqavimətinin təşkilində rolu danılmazdır. Təsadüf deyil ki, dini hakimiyyətin varisi, yeni dini lider Müctəba Xamenei müharibənin başlandığı 28 fevral günü yaralandıqdan sonra Rusiyaya qaçırılaraq hazırda orada müalicə alır. Rusiya ABŞ ilə gizli razılaşma əldə edərək Xameneini təhvil verməzsə, İranın ilkin olaraq proqnozlaşdırılan 4-6 həftə ərzində məğlub edilə bilməməsi fonunda proseslər daha da genişlənə bilər. İsrail İrana ciddi dəstək göstərən “Hizbullah”a qarşı mübarizəni gücləndirmək üçün Livana quru qoşunları yeridib (bu, 2006-cı ildən bəri “müharibəsiz müharibə rejiminin faktiki sona çatmasıdır). Həmçinin İranın geosiyasi təzyiq məqsədilə müharibənin ilk 1 həftəsində tam, hazırda qismən bağladığı Hörmüz boğazından keçidi tam açmaq üçün ABŞ NATO-dan dəstək tələb edir. Bütün bunlar İrana qarşı koalision güclərin yaradılması ehtimalı ilə yanaşı, həm də müharibənin uzana biləcəyinin göstəriciləridir. Qlobal hadisələrin önxəbərçisi olan “Time” jurnalı İran müharibəsinin uzunmüddətli ola biləcəyi ehtimalını irəli sürür. İran rəsmiləri də uzunmüddətli müharibəyə hazır olduqlarını, kapitulyasiya tələblərini yerinə yetirməyəcəklərini bəyan ediblər”.

Şəhla Cəlilzadənin fikrincə, bu, bütünlükdə region üçün arzuolunmaz ssenaridir:

“Bir tərəfdə gedərək uzanan (artıq 4 ildən çoxdur davam edən) Rusiya-Ukrayna müharibəsi, digər tərəfdən İran müharibəsinin uzanması dünyada yeni nizamı formalaşdıracaq ABŞ-Çin qarşıdurmasını yaxınlaşdıra bilər. Tramp Çin rəhbəri Si Cinpindən İran məsələsində vasitəçilik etməyi tələb edib. Çin İrana qarşı ABŞ və onun regional müttəfiqlərinin hücumu fonunda öz başına gələ biləcək potensial koalision hücumunu, yəqin ki, ölçüb-biçir. Xüsusilə, Hind-Çində çoxsaylı müttəfiqləri-Yaponiya, Cənubi Koreya, Avstraliya, Filippində hərbi bazaları, Sinqapur, Tayland və Yeni Zelandiyadan logistik və s. dəstək əldə etmək imkanları ilə ABŞ mümkün qarşıdurma halında Çini də dalana dirəyə bilər. Odur ki, Çinin hazırkı proseslərdə tutduğu mövqe olduqca vacibdir. Həm Rusiya-Ukrayna, həm də İran və Yaxın Şərq münaqişələrinə dair ABŞ və Çin arasında qarşılıqlı razılaşma əldə oluna bilər ki, bu, dünyanı Soyuq savaş sonrasında formalaşan nizama bənzər yeni bir qlobal nizama gətirə bilər. Əks halda dünya uzun illəri əhatə edəcək müharibə xaosuna sürüklənə bilər”.

Nigar Həsənli
Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr