ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 16 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Təhsildə sosial iş” xidməti çərçivəsində daha bir orta məktəbdə məişət zorakılığına qarşı mübarizə mövzusuna həsr edilən maarifləndirici görüş təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə şagirdlər və müəllimlər, eyni zamanda, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Agentliyin əməkdaşları iştirakçılara “Təhsildə sosial iş” xidməti barədə məlumat veriblər, xidmətin məktəblərdə risk qruplarının müəyyənləşdirilməsi, şagirdlərin davamiyyətinin bərpası və onlara psixo-sosial dəstək göstərilməsi sahəsində mühüm rolundan danışıblar.
Məişət zorakılığının cəmiyyət üçün ciddi sosial problem olduğu, təkcə fiziki deyil, həm də psixoloji, iqtisadi və emosional formalarda özünü göstərə biləcəyi bildirilib. Həmin halların qarşısının alınmasında erkən məlumatlandırmanın və şəxslərin öz hüquq və vəzifələrini bilməsinin əhəmiyyəti qeyd olunub.
Görüş gəncləri müvafiq mövzuda maarifləndirmək, o cümlədən zorakılığın müxtəlif formaları və həmin hallarla mübarizədə müraciət edilə biləcək dəstək mexanizmləri barədə məlumat vermək məqsədi daşıyıb.






Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.