Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə konstitusiya referendumunun uğurla keçirilməsi münasibətilə təbrik məktubu göndərib.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Baş Nazir Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.
Məktubda deyilir: "Elan etdiyiniz "Ədalətli Qazaxıstan" quruculuğu yolunda fundamental addım olan konstitusiya referendumunun uğurla keçirilməsi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ümumxalq səsverməsinin nəticələri Qazaxıstan Respublikası vətəndaşlarının ölkənin müstəqilliyinin və suverenliyinin təmin edilməsinə, qanunun aliliyi çərçivəsində çiçəklənən və müasir cəmiyyətin qurulmasına məsuliyyətli münasibətini bir daha nümayiş etdirdi.
Əminəm ki, Qazaxıstandakı konstitusiya islahatları xalqlarımız arasında dostluğun möhkəmləndirilməsi naminə Yerevan və Astana arasında dövlətlərarası strateji tərəfdaşlığa yeni təkan verəcək.
Sizə bütün qəlbimlə ictimai fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıram".
Aminə ŞAHSUVARQIZI