AZ

Karantin rejimi niyə uzadıldı? -

Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-nə qədər uzadılıb. Bəs bu qərar ölkəmizi hansı təhlükələrdən qoruyur? Millət vəkili Hikmət Babaoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, xüsusi karantin müddətinin uzadılmasını və quru sərhədlərimizin bağlı qalmasını ən yaxşı izah edən amillərdən biri regionda baş verən hadisələrdir: "Görürük ki, hazırda milli təhlükəsizlik məsələsi bir nömrəli prioritetdir və belə bir dövrdə ətrafımızda baş verən proseslər quru sərhədlərimiz vasitəsilə təhlükəsizliyin təmin olunmasının nə qədər vacib olduğunu göstərir. Ona görə düşünürəm ki, bəzən bu məsələyə fərqli prizmalardan baxsaq da, həqiqət ondan ibarətdir ki, regionda çox kritik tarixi hadisələr baş verir. Azərbaycan iki imperiyanın arasında yerləşən bir coğrafiyadır: şimalda böyük Rusiya imperiyası, cənubda isə İran imperiyası. Hər iki imperiya müxtəlif münaqişələrə cəlb olunub və öz tarixlərinin kritik bir dövründən keçirlər". H.Babaoğlunun sözlərinə görə, belə bir şəraitdə təhlükəsizliyimiz - sərhəd təhlükəsizliyi, informasiya təhlükəsizliyi, asayiş və ictimai təhlükəsizlik bir nömrəli məsələ kimi ön plana çıxır: "Bu baxımdan dövlətimizin və müvafiq qurumların gördüyü işlərə təşəkkür etmək lazımdır. Onların fəaliyyəti nəticəsində ölkədə təhlükəsizlik və asayiş qorunur, biz isə rifah və əmin-amanlıq şəraitində yaşayırıq".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
41
metbuat.az

1Mənbələr