
“Bayramqabağı ətə olan tələbat daha da yüksəlib. Ona görə də qiymətlər bir az da artıb. Ümumiyyətlə, bayramla olan qiymət artımları bayramdan sonra düşəcək. Amma digər qiymət artımları həmişə qalacaq”.
Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
X.Kərimli vurğulayıb ki, dana əti və ətin digər növləri də bundan sonra ancaq bahalaşacaq: “Bunun səbəbi odur ki, əhali çoxdur və əhalinin yüksələn qiymətlərlə də ətə tələbatı yüksəkdir. Yəni ət alırlar. Ət xaricdən gələndə daşıma xərcləri olur. Vətəndaşların təzə ətlə müqayisədə dondurulmuş ətə o qədər də tələbatı yoxdur. Fermer də bilir ki, tələbat çoxdur və qiyməti yüksəldir”.
Ekspert bildirib ki, qiymətin aşağı düşməsi üçün yeganə şərt daha çox heyvanın saxlanılmasıdır: “Amma indi insanların çoxu şəhərə gəlir və heyvandarlıqla məşğul olan insanların sayı azalır. Qiymətin artması bir az perspektiv yaradır ki, bu fəaliyyət gəlirli olduğuna görə investorlar, sahibkarlar bu sahəyə diqqət yetirəcək. Riskli olduğuna, xəstəlik heyvanları tez sıradan çıxardığına görə bu, sahibkarlara ziyan vurur. Təbii ki, onlar bu ziyanı sonradan qiymətin üstünə qoyub satırlar”.
Onun qeyd etdiyinə görə, qısamüddətli, yəni həftəlik, aylıq qiymət çoxalıb-azala bilər, amma ümumilikdə qiymət həmişə arta-arta gedəcək: “İlin sonunda baxsaq görəcəyik ki, ilin əvvəli ilə müqayisədə ətin qiyməti artıb”.
Röya İsrafilova