Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İranın yeni ali lideri Seyid Müctəba Hüseyni Xamenei bildirib ki, Hörmüz boğazının bağlı qalması düşmənə qarşı təzyiq vasitəsi kimi saxlanacaq. Yeni lider bu mövqedən geri çəkilməyəcəyini vurğulayaraq, İranın regiondakı strateji mövqeyini qoruyacağını açıqlayıb. Bu açıqlama beynəlxalq ticarət və enerji təhlükəsizliyi baxımından narahatlıq doğurur.
Politoloq Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın yeni ali lideri Seyid Müctəba Hüseyni Xameneinin adından yayılan rəsmi müraciət, canlı özü tərəfindən olmasa da, İran Dövlət Televiziyası və digər sosial şəbəkələr vasitəsilə yayıldı: “Müraciətdə bir sıra strateji məqamlar yer alıb, bunlardan ən önəmlisi Hörmüz boğazı ilə bağlıdır. İran bu kartı müharibə başlamazdan əvvəl də istifadə edəcəyi gözlənilən vasitələr arasında sayırdı. İran dövlət olaraq, həm siyasi, həm də hərbi baxımdan ABŞ-la müqayisədə zəif olsa da, Fars körfəzi və Hörmüz boğazındakı mövqeyindən strateji üstünlük kimi istifadə etməyi planlaşdırır. ABŞ-ın hərbi gücü İranınkından təxminən on dəfə çoxdur. ABŞ-ın hərbi büdcəsi təxminən bir trilyon dollar, İranın isə təxminən 10 milyard dollar civarındadır. Hər iki tərəfin üstünlükləri fərqlidir və İran bu üstünlüklərindən biri kimi Hörmüz boğazında baş verən proseslərdən istifadə etmək niyyətindədir”.
Xəyal Bəşirov
Xəyal Bəşirov qeyd edib ki, Seyid Müctəba Hüseyni Xameneinin yeni lider seçilməsi təşəbbüsünü ortaya qoyanların əsas məqsədi sərt xətt tərəfdarları və radikal qüvvələrin maraqlarını təmin etmək idi: “Rusiyanın bu prosesdə maraqlı olduğu da açıqdır. Artıq ABŞ-ın Rusiyaya qarşı sanksiyaların yumşaldılması məsələsi müzakirə olunur və ABŞ-ın qeyri-rəsmi olaraq Rusiya neftinə sanksiyanın müvəqqəti götürülməsi də bu prosesin bir hissəsi kimi görünür. Bu proses kimin işinə yarayırsa, həmin qüvvələrin maraqlı olduğu daha real görünür. İranın əsas məqsədi ABŞ-ı regiondan uzaqlaşdırmaq və enerji bazarında xaos yaradaraq qiymətlərin artmasına nail olmaqdır”.
Xəyal Bəşirov bildirib ki, İran Hörmüz boğazı ətrafında gəmilərin, xüsusən neft tankerlərinin, İranın icazəsi olmadan keçməyəcəyini bildirir: “Bu, İranın strateji mövqeyindən istifadə edərək ABŞ-ın Yaxın Şərqdəki hərbi dayaqlarının effektivliyini məhdudlaşdırdığını göstərir. Hazırda həmin bölgədə nəzarət hələlik məhdud və xaotik formada olsa da, İran bu vəziyyəti davam etdirir. Bu səbəbdən də İran Fars körfəzi ətrafında yerləşən BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanının ərazilərini hədəfə alır. İranın çağırışına görə, ABŞ-a aid səfirlik və konsulluqları çıxaran dövlətlərin tanker keçidinə icazə veriləcək. Bu prosesin məqsədi ABŞ-ı regiondan uzaqlaşdırmaq və strateji üstünlük əldə etməkdir”.
Ekspertin fikrincə, neft qiymətlərinin sürətlə artması İranı narahat etmir. Əksinə, onların məqsədi dünya enerji bazarında xaos yaratmaq və qiymətlərin artmasına nail olmaqdır: “Bu prosesdə həm ərəb ölkələri, həm də Avropa ölkələri zərər görəcək və bunun nəticəsində bu ölkələr ABŞ-a təzyiq göstərməyə çalışacaqlar. Eyni zamanda ABŞ daxilində olan qüvvələr Donald Trampa təzyiq edərək müharibənin dayandırılmasını istəyirlər. Bu proses bir çox qüvvələrin maraqlarına xidmət edir və onlar İrana dəstək göstərirlər. Baxmayaraq ki, ABŞ İrana zərbələr endirir, ali dini liderini öldürüb, aparıcı şəxslərini sıradan çıxarıb və İran ərazisində 5000 hədəfin vurulması planlaşdırılır. İran ərazisi 1 648 000 kvadrat kilometrdir, amma hər bir halda 5000 hədəfin vurulması kifayət qədər böyük rəqəmdir. Artıq müharibədə tərəflər bir-birini tükəndirmə mübarizəsi aparırlar. Tükəndirmə mübarizəsində ABŞ İsrailin yanında olduğu müddətdə İranın qalib gəlmə şansı azdır. ABŞ kənara çəkilərsə, İsrail üçün vəziyyət çətin olacaq. Avropa bu proseslərə qoşulmur. Səbəb ABŞ-ın Rusiya-Ukrayna münaqişəsində sərgilədiyi mövqedir. Avropanı Rusiya ilə təkbaşına meydanda qoymaq cəhdlərinə cavab olaraq Avropa bu addımı atır. Düzdür, bəyanatlarda Fransa, İngiltərə və Almaniya İrana münasibətdə ABŞ-ı dəstəkləyir, amma real olaraq heç bir addım atılmayıb. Fransa Şarl de Qoll gəmisini Aralıq dənizinə göndərib, amma bütün bunlar görüntü xarakterlidir. Avropa nə hava hücumundan müdafiə sistemləri ilə, nə radar sistemləri ilə, nə də qırıcı təyyarələri ilə ABŞ-ın yanında olduğunu göstərmir”.
Politoloq bildirib ki, proses belə davam edəcəksə, tərəflər heç bir nəticə əldə edə bilməyəcək: “ABŞ və İsrailin hava hücumları ilə İran rejimini devirmək çətindir və quru əməliyyatlarını həyata keçirmək mümkün deyil. Beləliklə, mübarizə uzun müddət davam edə bilər, Hörmüz boğazı ətrafında gərginlik paralel olaraq davam edəcək və oradan keçən neft tankerlərinin sayı azalacaq. Bu isə dünya enerji bazarında qiymətlərin daha da artmasına və xaosun dərinləşməsinə səbəb olacaq”.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.