
ABŞ Prezidenti Donald Tramp, Böyük Britaniya və digər NATO ölkələrinin ABŞ və İsrailin İrandakı əməliyyatlarına dəstək verməkdən imtina etmələrini "yadda saxlayacağına" dair xəbərdarlıq edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNBC" məlumat yayıb.
Tramp qeyd edib ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer Yaxın Şərqə aviadaşıyıcılar göndərməyi təklif edib, lakin ABŞ prezidentinin sözlərinə görə, bu, "müharibə başlamazdan əvvəl" edilməli idi.
"Dəstək alıb-almamağımızdan asılı olmayaraq, bir şeyi deyə bilərəm və bunu onlara da demişəm: biz bunu unutmayacağıq", — deyə Tramp vurğulayıb.
ABŞ prezidenti həmçinin bildirib ki, hazırda Hörmüz boğazında gəmilərin müşayiəti ilə bağlı təxminən yeddi ölkə ilə danışıqlar aparılır.
"Biz NATO-nun yanındayıq. Onlara Ukrayna məsələsində kömək edirik. Bizi okean ayırır. Bu, bizə aid deyil, amma onlara yardım etdik. İndi isə hansı ölkənin boğazdan keçidi təmin etmək kimi kiçik bir işdə bizə kömək etməyəcəyini görmək maraqlı olacaq", — deyə Tramp əlavə edib.
Məryəm Quliyeva