AZ

Geqam Gevorkyan: Ermənistan bazarı Azərbaycan benzini üçün açıqdır

BAKI, 16 mart. TELEQRAF

“Ermənistanda Azərbaycan benzininin həcmi ölkənin ümumi yanacaq ehtiyatları ilə müqayisədə böyük deyil”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Rəqabət və İstehlakçıların Maraqlarının Müdafiəsi Komitəsinin sədri Geqam Gevorkyan bildirib.

O bildirib ki, son beş ildə ölkənin yanacaq bazarında çoxsaylı kiçik şirkətlərdən əlavə üç yeni böyük təsərrüfat subyekti fəaliyyətə başlayıb.

Gevorkyan qeyd edib ki, bir müddət dünya birjalarında aşağı qiymətlərdən istifadə etmək mümkün olsa da, bu dövr uzun çəkməyib, hazırda isə İrandakı vəziyyət səbəbindən qlobal bazarda qiymətlər yenidən artmaqdadır.

“Bundan sonra nə baş verəcəyini və birjalarda hansı vəziyyətin formalaşacağını görəcəyik”, - o deyib.

Komitə sədri Azərbaycandan yanacaq tədarükü fonunda Ermənistandakı ucuzlaşmaya da diqqət çəkib:

“Azərbaycan yanacağının idxalından sonra Ermənistan bazarında qiymətlərin azalması bir neçə səbəblə bağlı olub. Birincisi, daşınma xərcləri azalıb, çünki yük Azərbaycan və Gürcüstan üzərindən dəmir yolu ilə gətirilir. İkincisi, bazar iştirakçılarından biri daha ucuz məhsul əldə edib və digər şirkətlər də bu vəziyyətə uyğunlaşmaq məcburiyyətində qalıb”.

Gevorkyan vurğulayıb ki, bazarda daha ucuz yanacağın həcmi artarsa, qiymətlərin daha da aşağı düşməsi mümkündür, buna görə də bazar müxtəlif şirkətlər üçün açıq qalır.

Seçilən
16
teleqraf.com

1Mənbələr