AZ

Bu şəxslərə pensiya VERİLMƏYƏCƏK

News365.az xəbər verir ki, Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə oxucunun pensiya ilə bağlı sualına cavab hazırladıq.

Sual: 65 yaşım var,bu vaxta kimi rəsmi iş yerim olmayıb.Mənə pensiya düşür?

Cavab: Şəxs  heç bir zaman işləməyibsə, bu zaman digər növ sosial müavinət ala bilir.

 Yəni, pensiyanın şərtlərini ödəmirsə, 25 il stajı yoxdursa və ya minimum pensiya təminatına  imkan verən pensiya kapitalı yoxdursa, onun avtomatik olaraq sosial müavinət almaq hüququ yaranır.

Qeyd edək ki,Azərbaycanda pensiya yaşı 65-dir. Hazırda Azərbaycanda yaşa görə verilən sosial müavinət 220 manatdır.

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Müavinət hansı halda təyin olunur?

Əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 64,5 yaşına çatmış qadınlara sosial yardım göstərilməsi məqsədilə yaşa görə müavinət verilir.

Qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Buna baxmayaraq qadın və kişilərin sosial vəziyyətindən asılı olaraq bu müavinəti almaq üçün onlara aşağıdakı güzəştlər də edilir:

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ vardır. Deməli, qadın 59 yaşındadırsa, qeyd olunan şərtlərə uyğun gəlirsə və pensiya hüququ yoxdursa, həmçinin işləmirsə, o zaman ona yaşa görə müavinət təyin edilir;

Əlilliyi müəyyən edilmiş uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılır;

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılır;

Əlilliyi müəyyən edilmiş uşağı olan kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılır.

Seçilən
9
news365.az

1Mənbələr