Dünən Türkiyə xəbər portallarında olduqca maraqlı bir xəbər qarşıma çıxdı. İddia olnur ki, İran Hörmüz boğazından keçəcək gəmilərin ödənişlərini Çin valyutası olan Yuanla ödəmələrini dəyərləndirir.
Bu təsdiqini taparsa və yaxud gələcək dövr üçün mexanizm bu istiqamətdə qurularsa çox ciddi geoiqtisadi dəyişikliklərin şahidi olacıq.
İlk növbədə proses əyani olaraq dollar üzərində qurulan ABŞ hegemoniyasının nüfuzunu azaltmaq və alternativ variant kimi Çinin rolunu artırmaq məqsədi daşıyır.
Təbii ki, Birləşmiş Ştatlar bu tip ssenariyə göz yuman deyil və situasiya tətbiq olunacağı təqdirdə İrana qarşı münasibəti daha fərqli müstəviyə daşımaq potensialındadır.
Ancaq bilinən reallıq ondan ibarətdir ki, İran ətrafında proseslər hansı tərzdə yekunlaşmasından aslı olmayaraq regionda radikal dəyişikliklər baş verəcək və körfəz ölkələri mütləq şəkildə ABŞ-la əlaqələrini, xüsusilə, təhlükəsizlik sahəsində əməkdaşlıqlarını yenidən gözdən keçirəcəklər.
Bu isə Çinə yeni imkanlar və fürsətlər vəd edir. Rəsmi Pekin aram - aram öz məqsədlərinə çatır. Ümumiyyətlə, görünən mənzərə budur ki, son illər baş verən hərbi-siyasi gərginliklər fonunda böyük enerji sərf etmədən daha çox qazanclı çıxan tərəf məhz Çindir. İstər Ukrayna müharibəsi, istərsə də İran bağlı dinamikanın bir ayağı da bəlli olduğu kimi Çinlə əlaqəlidir. Lakin Pekin rəhbərliyi dezavantajı fürsətə çevirməklə öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirməyi bacarır.
Düzdür, Hörmüz boğazının hüquqi statusu 1982 - ci il BMT - nin Dəniz Hüququ Konvensiyası ilə tənzimlənərək beynəlxalq gəmiçilik üçün açıq əsas formalaşdırır. Ancaq İranın coğrafi mövqeyi Hörmüz üzərində nəzarət imkanları formalaşdırmağa şərait yaradır və hərbi əməliyyatlar Hörmüz vasitəsilə neft ixracını hal hazırda iflic etmiş vəziyyətdədir.
Siyasi şərhçi Pərviz Mirizadə.