Hörmüz boğazının bağlanması hazırda İran strategiyasının ən effektiv alətinə çevrilib və Tehran zərbələr dayandırılsa belə, onu dərhal açmaya bilər.
Bu barədə NOCOMMENT.az-a məsələni şərh edərkən siyasi analitik Elçin Alıoğlu deyib.
O bildirib ki, ABŞ və İsrailin İrana zərbələrindən sonra Tehranın strategiyası kifayət qədər aydın idi: cavab olaraq mümkün qədər çox zərər vurmaq və müharibəni Vaşinqton üçün sərfəsiz etmək
“İlk istiqamət regiondakı ABŞ qüvvələrinə hücumlar oldu. Faktiki olaraq ən ciddi nəticə Küveytdə yerləşən ABŞ bazasına edilən hücum sayılır. Həmin hücum zamanı altı nəfər həlak oldu. Bundan əlavə bir neçə pilotsuz aparat vurulub və bəzi radar sistemləri məhv edilib. Lakin amerikalılar bu itkiləri kritik hesab etmir və bu, müharibənin gedişinə ciddi təsir göstərmir.

İkinci istiqamət İranın region ölkələrinə zərbələr endirməsi idi.
Məqsəd həmin dövlətləri ABŞ-yə təzyiq göstərməyə məcbur etmək idi. Bu taktika müəyyən mənada məntiqli görünürdü. Məsələn, zərbələrin ilk günlərində BƏƏ və Qətər Vaşinqtonu müharibəni dayandırmağa çağırmağa başlamışdı. Onların hava hücumundan müdafiə üçün sursatları sürətlə azalırdı. Lakin bu çağırışlar ABŞ Prezidenti Donald Trampa təsir etmədi. Nəticədə bu strategiya da gözlənilən effekti vermədi. Region ölkələri Vaşinqtona təsir göstərə bilmədi, əksinə bəziləri artıq İrana qarşı müharibəyə qoşulmağa hazır olduqlarını göstərirlər.
Üçüncü istiqamət isə Hörmüz boğazının bağlanmasıdır.
Əvvəlki iki yanaşmadan fərqli olaraq, bu addım hazırda daha effektiv görünür. Neftin qiyməti təxminən bir həftədir ki, bir barel üçün 100 dollar civarında qalır və artım tendensiyası göstərir. Bu isə ABŞ-də yanacağın qiymətinin yüksəlməsinə səbəb olur. Nəticədə Amerika seçiciləri üçün Yaxın Şərqdəki müharibə getdikcə daha az populyar görünür”.
Alıoğlunun sözlərinə görə, Donald Tramp qiymətləri aşağı salmaq üçün bəyanatlar verməyə çalışsa da, bu hələlik ciddi nəticə vermir:
“Eyni zamanda İsraildə də narahatlıq artır ki, ABŞ-də daxili təzyiq güclənərsə, Vaşinqton müharibəni planlaşdırıldığından daha tez dayandıra bilər və bəzi hərbi hədəflər həyata keçirilməmiş qalacaq. Bundan başqa, İran faktiki olaraq Hörmüz boğazını uzun müddət bağlamaq imkanına malikdir. Bunun üçün təxminən ayda bir dəfə bu marşrutla hərəkət edən gəmilərdən birinə uğurlu zərbə endirmək kifayət edə bilər. Belə hallarda sığorta şirkətləri həmin marşrut üzrə daşımaları sığortalamaqdan imtina edə bilər.
Oxşar vəziyyət hazırda Qırmızı dənizdə də müşahidə olunur – Yəməndəki husilər faktiki olaraq Süveyş kanalına gedən marşrutun təhlükəsizliyini uzun müddətdir sual altına qoyublar, baxmayaraq ki, onların resursları İranla müqayisədə daha məhdud idi. Hətta İranın raket və pilotsuz aparat buraxılış qurğularının böyük hissəsi məhv edilsə belə, belə taktika üçün çox sayda silah tələb olunmur. Lazımi vasitələri tapmaq mümkündür. Bu səbəbdən müharibə dayandırılsa belə, Tehran Hörmüz boğazını dərhal açmaya və əvvəlcə müəyyən şərtlər irəli sürə bilər. Bu mənada hazırda Hörmüz boğazı İranın ABŞ ilə qarşıdurmada istifadə etdiyi ən mühüm və ən effektiv strateji rıçaqlardan biri sayılır”.
Tunar
NOCOMMENT.az