AZ

“İnstitusional və hüquqi mexanizmlər heç vaxt indiki qədər geniş olmamışdır...”

“Son 25 il ərzində, insan alverinin ilk beynəlxalq səviyyədə tanınmış tərifinin qəbul edilməsindən və ATƏT çərçivəsində insan alverinə qarşı ilk öhdəliklərin formalaşdırılmasından sonra, təşkilata üzv dövlətlər insan alveri ilə mübarizə istiqamətində fəaliyyət göstərirlər. Bəs bu səylər real irəliləyişə gətirib çıxarırmı? Təkcə 2024-cü ildə region üzrə dövlətlər tərəfindən təxminən 30 minə yaxın insan alveri qurbanı qeydə alınmışdır”. 

Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. 
O, bildirib ki, bu rəqəm bir tərəfdən cinayətin miqyasının genişlənməsini göstərsə də, digər tərəfdən dövlətlərin aşkarlama və identifikasiya imkanlarının artdığını da əks etdirir:

“2026-cı il ATƏT-in apardığı sorğusunun nəticələri göstərir ki, dövlətlər tədricən qurbanların müdafiəsini mərkəzə qoyan idarəetmə modelinə keçsələr də, qanunvericilikdə əldə olunan irəliləyişlə onun praktik tətbiqi arasında hələ də ciddi “icra boşluğu” (implementation gap) mövcuddur. Əmək miqrasiyası və işə qəbul proseslərinin tənzimlənməsi üzrə yeni hüquqi çərçivələr, eləcə də insan hüquqları üzrə korporativ məsuliyyət və “due diligence” qanunvericiliyinin artması kimi tədbirlər sistemli risklərin — xüsusilə borc əsarəti (debt bondage) və əmək istismarı məqsədli insan alverinin — qarşısını almaqda nə dərəcədə effektivdir? Digər tərəfdən, qurbanların müəyyən edilməsi mexanizmləri də dəyişməkdədir. Əvvəllər əsasən hüquq-mühafizə orqanlarının əməliyyat məlumatlarına əsaslanan identifikasiya prosesi indi getdikcə çoxsahəli əməkdaşlıq modellərinə, vətəndaş cəmiyyəti və sosial xidmətlərin iştirakına, həmçinin qurbanların öz təşəbbüsü ilə yardım axtarmasına doğru yönəlir.Eyni zamanda, cinayətkar şəbəkələr şifrələnmiş kommunikasiya vasitələri və süni intellekt texnologiyalarından daha aktiv istifadə etdikcə yeni bir sual yaranır: cinayətkar qrupların texnoloji çevikliyi ilə hüquq-mühafizə orqanlarının texniki imkanları arasında “rəqəmsal uçurum” dərinləşirmi?”.

M.Zeynalovanın sözlərinə görə,  uşaq müdafiəsi sahəsində də maraqlı bir paradoks müşahidə olunur:

“İnstitusional və hüquqi mexanizmlər heç vaxt indiki qədər geniş olmamışdır, lakin sahədə, yəni yerli icmalar və xidmət səviyyəsində, praktiki müdaxilə və profilaktika tədbirlərinin zəiflədiyi barədə narahatlıqlar artır. Bu ziddiyyət nə ilə izah olunur? Digər mühüm məsələ insan alverçilərin əmlak və maliyyə aktivlərinin müsadirəsi ilə bağlıdır. Bu tədbirlər doğrudanmı qurbanların kompensasiya və bərpa imkanlarını artırır, yoxsa hüquqi mexanizmlərlə onların real istifadə oluna bilməsi arasında hələ də ciddi uyğunsuzluq qalır? Nəhayət, son illərdə qurbanların və sağ qalanların rəyinin sistemli şəkildə toplanması və siyasətə inteqrasiyası sürətlə artmışdır; bu praktikanın istifadəsi 2021-ci ildən bəri təxminən üç dəfə artmışdır. Bu tendensiya insan alverinə qarşı qanun və siyasətlərin effektivliyini və yardım xidmətlərinin keyfiyyətini qiymətləndirmə üsullarını dəyişdirirmi? Bu suallar göstərir ki, insan alveri ilə mübarizədə normativ və institusional irəliləyişlər olsa da, real təsirin qiymətləndirilməsi və praktiki nəticələrin təmin edilməsi hələ də əsas çağırış olaraq qalır”.

Vasif ƏLİHÜSEYN

Seçilən
30
1
adalet.az

2Mənbələr