AZ

Reklamlarda dil eroziyası və kimlik problemi

Bu gün Azərbaycanda reklam sektoru artıq XXI əsrin əvvəllərinin reallıqları ilə ölçülə bilməz. Son onillikdə rəqəmsallaşma, sosial şəbəkələrin sürətli inkişafı və qlobal bazara inteqrasiya reklam mühitini əsaslı şəkildə dəyişib. Xüsusilə "Facebook" və "Instagram", "Google" və "TikTok" kimi platformaların geniş yayılması ənənəvi televiziya reklamlarının dominant mövqeyini xeyli zəiflədib. Artıq auditoriya, əsasən rəqəmsal mühitdə formalaşır və reklam strategiyaları da bu reallığa uyğun qurulmalıdır.

Bununla belə, reklam sahəsində problemlər tam aradan qalxmayıb. Əvvəllər əsas tənqid hədəfi televiziya reklamlarının bayağılığı və keyfiyyətsizliyi idisə, indi sosial şəbəkələrdə yayılan nəzarətsiz və bəzən manipulyativ məzmun diqqət çəkir.

“Influencer marketing” adı altında təqdim olunan bir çox reklam kampaniyalarında məhsulun real keyfiyyəti ilə təqdimatı arasında ciddi uyğunsuzluq müşahidə olunur. Nəticədə istehlakçı aldadıldığını hiss edir və bu da ümumi reklam bazarına inamı azaldır.

Bu gün əsas məsələ təkcə reklamın yayım platforması deyil, onun məzmunudur. Reklam dürüst, yaradıcı və auditoriyanın zövqünə uyğun olmalıdır. Süni şüarlar, reallıqdan uzaq vədlər və emosional manipulyasiya artıq müasir istehlakçını inandıra bilmir. Xüsusilə rəqəmsal dövrdə istifadəçi rəyi və ictimai şərh mexanizmi sürətlə işlədiyi üçün keyfiyyətsiz məhsul və ya şişirdilmiş reklam qısa zamanda ifşa olunur.

Reklmlarda dil məsələsi isə hələ də aktualdır. Reklam mətnlərində Azərbaycan dilinin qrammatik və üslubi normalarına əməl olunması vacibdir. Təəssüf ki, paytaxt küçələrində və sosial media reklamlarında hələ də xarici dillərin üstünlük təşkil etdiyini görürük. Xarici dil elementlərindən istifadə qlobal trendlərə inteqrasiya baxımından anlaşılandır, lakin dövlət dilinin arxa plana keçirilməsi yolverilməzdir. Reklam həm də mədəniyyət daşıyıcısıdır və milli-mənəvi dəyərlərə hörmət prinsipi qorunmalıdır.

Təəssüflə qeyd etmək lazımdır ki, Bakının küçələrinin, mağazaların və reklam lövhələrinin böyük əksəriyyətində “Sale”, “Coffee shop”, “Beauty studio”, “Fashion house” kimi adların ingilis dilində olması artıq adi bir mənzərəyə çevrilib. Tez-tez rastlaşdığımız bu adlar bizdə Azərbaycan şəhərində deyil, sanki Avropanın hansısa şəhərində olduğumuz təəssüratını yaradır. Halbuki, Azərbaycan dili Konstitusiya ilə dövlət dili elan olunub, bütün rəsmi və ictimai həyatda istifadəsi təmin edilib. Belə bir şəraitdə ictimai məkanda Azərbaycan dilindən istifadənin azalması, açıq şəkildə dövlət dilinə və milli dəyərlərə hörmətsizlikdir.

Digər bir narahatedici məqam isə bəzi iaşə və xidmət obyektlərinin adlarının rus dilində, lakin latın qrafikasında yazılmasıdır. “Zloy kofe”, “Palirovka”, “Moyka”, “ximçistka”, “Balansirovqa” kimi ifadələr nə düzgün Azərbaycan dili nümunəsidir, nə də rus dilinə tam uyğun gəlir. Bu, nəinki savadsızlıq göstəricisidir, həm də dilə olan etinasızlığın bariz nümunəsidir.

Doğrudur, bu sahədə qanunvericilik bazası mövcuddur və “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu reklam fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirir. Lakin əsas məsələ bu qanunların effektiv tətbiqi və nəzarət mexanizmlərinin gücləndirilməsidir. Rəqəmsal reklam bazarında isə nəzarət daha mürəkkəbdir və burada həm dövlət qurumlarının, həm də platforma sahiblərinin məsuliyyəti artır.

Müsbət tendensiyalar da var. Son illərdə yerli agentliklər arasında kreativ yanaşma güclənib, kommunikasiya sahəsində peşəkar komandalar formalaşıb. Bir sıra yerli şirkətlər beynəlxalq standartlara uyğun kampaniyalar hazırlayır, sosial məsuliyyət layihələrinə üstünlük verir və istehlakçı ilə uzunmüddətli etimad münasibəti qurmağa çalışırlar.

Müasir dövrdə reklam artıq sadəcə məhsulun tanıdılması deyil, brendin dəyər sisteminin təqdimatıdır. Şirkətlər sosial məsuliyyət, ekoloji həssaslıq, inklüzivlik kimi prinsipləri də kommunikasiya strategiyalarına daxil etməlidirlər. Çünki yeni nəsil istehlakçı yalnız qiymətə və görüntüyə deyil, həm də brendin mövqeyinə diqqət yetirir.

Nəticə etibarilə, Azərbaycan reklam bazarı əvvəlki illərlə müqayisədə daha dinamik və rəqabətlidir. Lakin keyfiyyət, etik prinsiplər və dil normaları məsələsi hələ də prioritet olaraq qalır. Əgər reklam sektoru şəffaflıq, peşəkarlıq və milli dəyərlərə hörmət prinsiplərinə əsaslanarsa, həm istehlakçı inamı artar, həm də bazarın beynəlxalq rəqabət qabiliyyəti güclənər. Müasir çağırışlar reklam sahəsində daha sistemli, elmi və strateji yanaşmanı zəruri edir, əks halda sürətlə dəyişən rəqəmsal mühitdə geri qalmaq riski qaçılmazdır.

Oruc Quliyev,
AMEA Mərkəzi Elmi Kitabxanasında Rəqəmsallaşma, 
innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru

Seçilən
20
1
redaktor.az

2Mənbələr