“Financial Chain Corporation” (FCHAIN) şirkətinin Baş direktor müavini Valid Hüseynov seçkilərin uğurla başa çatdığını bildirib.
Onun sözlərinə görə, “Caspian Energy Club”da qəbul olunmuş ənənəyə əsasən, İdarə Heyətinə seçkilər hər ilin üçüncü ayının üçüncü həftəsinin üçüncü günü keçirilir, dörd ildən bir isə bu tarix 29 fevrala təsadüf edir.
2026-cı ildə növbəti seçkilər 11 mart tarixində keçirilib və ilk dəfə olaraq yenilənmiş seçki Əsasnaməsinə uyğun şəkildə keçirilən səsvermə nəticəsində 14 komitə sədrindən ibarət yeni İdarə Heyəti müəyyənləşib. Seçki prosesi klub üzvlərinin aktiv iştirakı ilə anonim səsvermə yolu ilə həyata keçirilib. Səslərin hesablanması “Financial Chain Corporation” (FCHAIN) tərəfindən həyata keçirilib.
Əvvəlki illərdən fərqli olaraq, bu ildən etibarən komitələrin sədrləri təyin olunmayıb, məhz səsvermə yolu ilə seçilib və avtomatik olaraq İdarə Heyətinin tərkibinə daxil ediliblər. Səsvermə anonim qaydada 11, 12 və 13 mart tarixlərində davam edib, nəticələr isə martın 13-də ictimaiyyətin diqqətinə təqdim edilib.
Seçkilərin nəticələrinə əsasən, ən çox səs toplamış namizədlər müvafiq komitələrin sədrləri seçilərək “Caspian Energy Club”ın İdarə Heyətinin üzvləri olublar.
Yeni idarəetmə strukturuna uyğun olaraq, seçkilərin nəticələrinə əsasən, aşağıdakı namizədlər müvafiq komitələrin sədrləri seçilərək “Caspian Energy Club”ın İdarə Heyətinin tərkibinə daxil olublar:
Vədiyə Ələkbərzadə - İnsan kapitalı, təhsil və liderlik üzrə Komitə sədri;
Rəşad Abasov - Nəqliyyat, logistika və ticarət zənciri üzrə Komitə sədri;
Tahir Məmmədov - Aqrosənaye və aqrobiznes üzrə Komitə sədri;
Nadir Babazadə - İnvestisiya və maliyyə üzrə Komitə sədri;
Elvin Aslanov - Texnologiyalar, innovasiyalar və rəqəmsal iqtisadiyyat üzrə Komitə sədri;
Emin Xankişiyev - Sənaye və istehsal zəncirləri üzrə Komitə sədri;
Orxan Mustafayev - Tikinti, daşınmaz əmlak və infrastruktur üzrə Komitə sədri;
Telman Əliyev - Kiçik və orta biznesin (KOB) inkişafı üzrə Komitə sədri;
Ceyhun Quliyev - Komplayns, hüquq və təhlükəsizlik üzrə Komitə sədri;
İlqar Nuri - FMCG, qida sənayesi və pərakəndə ticarət üzrə Komitə sədri;
İlqar Axundov - Neft, qaz, energetika və dekarbonizasiya üzrə Komitə sədri;
Natiq Paşayev, Samidə Qəniyeva - ESG, korporativ məsuliyyət və ekologiya üzrə Komitə sədrləri;
İmran Ağayev - Səhiyyə, farmasevtika və biotexnologiyalar üzrə Komitə sədri;
Qüdrət Hacıyev - Mədəniyyət, turizm, idman və yaradıcı sənayelər üzrə Komitə sədri.
“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru vəzifəsinə Telman Əliyev seçilib.
Aprelin 1-dən etibarən “Caspian Energy Club”ın yeni İdarə Heyətinin tərkibi fəaliyyətə başlayacaq.
“Caspian Energy Club” haqqında qısa məlumat
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid
işgüzar platformadır.