İranda fəaliyyət göstərən bir sıra kürd qruplaşmaları ölkədəki mövcud hakimiyyətə qarşı bəyanatla çıxış ediblər. Bəyanatda İran azərbaycanlılarına müraciət də yer alıb. Kürd qruplaşmaları azərbaycanlıları əməkdaşlığa və dialoqa çağıraraq, kürdlər və azərbaycanlıların birgə yaşadığı bölgələrdə ortaq yerli idarəetmə modeli yaratmağın mümkünlüyündən danışıblar.
Bəs, Cənubi Azərbaycan türkləri bu çağırışa necə cavab verəcək?
Siyasi şərhçi Heydər Oğuz NOCOMMENT.az -a açıqlamasında İranda fəaliyyət göstərən kürd separatçı qruplarının Güney Azərbaycan türklərinə ünvanladığı “ortaq idarəçilik” çağırışına münasibət bildirib.
O, qeyd edib ki, bu müraciətində Güney Azərbaycan türklərini qane etməyən müddəalar var:
“Müraciətin ünvanı güneyli soydaşlarımızdır və böyük ehtimalla bu çağırışa lazımi cavabı da onlar verəcək. Mən sadəcə bir Quzey Azərbaycan türkü kimi bəzi təxminlər irəli sürə bilərəm. Mənim təxminimə görə, kürd separatçılarının bu müraciətində güneyli qardaşlarımızı qane etməyən başlıca müddəa bəzi Azərbaycan əyalətlərində ortaq idarəetmə sisteminin qurulması ilə bağlıdır. İran PKK-nın (PJAK) həmsədri Əmir Kərimi “Sterk TV” kanalına verdiyi müsahibədə də bu arzularını gizlətməyərək deyib: “PJAK olaraq biz hər yerdəyik. Urmiyadan İlama, Zaqros dağlarına, Kirmanşaha qədər hər yerdə varıq və istəyirik ki, hər kəs də bu ərazilərdə mövcud olsun.
Kürd təşkilatlarının bu bəyanatı Azərbaycan türklərinin tarixi mövqeyi və milli mentaliteti ilə ziddiyyət təşkil edir”.
Yazıda qeyd olunur ki, bəyanata imza atan qurumlar Azərbaycan türklərini əməkdaşlığa çağırsa da, xüsusilə Urmiyaya dair iddialar iki toplum arasında etimadı mümkünsüz edir.
Oğuz hesab edir ki, kürd qruplarının Urmiya da daxil olmaqla Azərbaycan bölgələrinə iddiası uzun illərdir qarşıdurmanın əsas səbəblərindən biridir.
Müəllifin fikrincə, “ortaq idarəçilik” çağırışının arxasında xarici təsirlər — xüsusilə ABŞ və İsrail — dayana bilər. O bildirir ki, bu istiqamətdə aparılan siyasət həm kürd qruplarını təhlükəyə sürükləyir, həm də Tehran rejiminin mövcudluğunu daha da uzadır.
Heydər Oğuz vurğulayır ki, Azərbaycan türkləri üçün torpaq milli namus anlayışının bir parçasıdır və bu dəyər heç vaxt bölüşdürülməyib. Oğuz tarixi nümunələrə — “Dədə Qorqud” boylarına, Mete xanın torpaqla bağlı mövqeyinə, Səttar xanın mübarizəsinə, eləcə də Urmuda separatçılara qarşı çıxan Qulamrza Həsəninin fəaliyyətinə istinad edərək bildirir ki, türk xalqı torpaq məsələsində heç vaxt geri addım atmayıb.
Oğuz yazısında bildirir ki, Güney Azərbaycan türkləri tarix boyunca torpaq uğrunda mübarizədə ən ağır fədakarlığa belə hazır olublar. Buna görə də bölgənin idarəçiliyi ilə bağlı hər hansı iddia və ya xaricdən yönləndirilmiş çağırış toplumda qəbul edilmir.
Ekspertin sözlərinə görə, “Azərbaycan türkü başqaları ilə birgə yaşaya bilər, lakin torpağın sahibliyini heç kimlə bölüşməz. Bu həqiqəti görməyənlər mümkün nəticələrə də hazır olmalıdır”.
Tunar
NOCOMMENT.az