
ABŞ-ın Yaponiyadan Yaxın Şərqə 2,5 min nəfərlik elit dəniz piyadası bölməsini köçürməsi regiondakı münaqişənin yeni mərhələsinə keçməsi ilə nəticələnə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, "USS Tripoli" desant gəmisi ilə elit bölmənin yaxın 10-15 gün ərzində əraziyə çatacağı gözlənilir və bu, "müharibənin yeni mərhələsinin — ABŞ-ın quru əməliyyatlarının başlanğıcı" ola bilər. Bu addım "ABŞ-a reydlərə başlamaq imkanı verəcək" ki, bu da regionda hərbi əməliyyatların yeni dalğasına təkan verəcək. Vaşinqton bu missiyanın xarakterini açıqlamasa da, nəşr qeyd edir ki, elit dəstəyə böyük ehtimalla Hörmüz boğazı üzərində nəzarəti bərpa etmək tapşırılacaq.
"The Wall Street Journal" qəzeti isə amerikalı rəsmilərə istinadən daha əvvəl məlumat vermişdi ki, ABŞ Yaxın Şərqə dəniz piyadalarının ekspedisiya dəstəsini göndərir. Nəşrin məlumatına görə, Pentaqon rəhbəri Pit Heqset Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının (CENTCOM) amfibiya-desant qrupu və ekspedisiya dəstəsinin yerləşdirilməsi ilə bağlı sorğusunu təsdiqləyib.
Məryəm Quliyeva