AZ

Azərbaycanın şəhərsalma və memarlıq irsinə tarixi baxış: Heydər Əliyevin şəhər quruculuğu siyasəti

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 16 mart, AZƏRTAC

Şəhərsalma və memarlıq irsi hər bir xalqın tarixini, mədəniyyətini, həyat tərzini əks etdirən əsas maddi dəyərlərdən biridir. Azərbaycanda şəhərsalma siyasəti yalnız bu sahədə inkişafın təmin edilməsi ilə məhdudlaşmır, eyni zamanda, milli mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət kəsb edir. Tarixi şəhər mühitinin qorunması və milli memarlıq ənənələrinin yaşadılması müasir dövrdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Buna görə də Azərbaycan Prezidentinin ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamı mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının baş müəllimi Səba Hüseynova söyləyib. O qeyd edib ki, XX əsrin ikinci yarısında Azərbaycanda şəhər quruculuğunda dönüş mərhələsi baş verib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra şəhərsalma siyasəti daha sistemli şəkildə həyata keçirilib. Tarixi və memarlıq abidələrinin qorunması, şəhərlərin müasir infrastruktura uyğun inkişafı və paytaxtın abadlaşdırılması əsas istiqamətlərdən biri olub. Həmçinin regionlarda şəhərlərin sosial və iqtisadi inkişafına xüsusi diqqət yetirilib. Respublikada sənaye zonaları genişləndirilib, nəqliyyat, kommunal və sosial infrastruktur inkişaf etdirilib. Eyni zamanda, bu proses sovet şəhərsalma siyasətinin təsiri altında formalaşıb və şəhərlərin modernləşdirilməsi ilə tarixi memarlıq irsinin qorunması arasında müəyyən balansın saxlanmasına yönəlib. Bu tədbirlər Azərbaycanın memarlıq irsinin qorunması sahəsində mühüm mərhələ təşkil edib.

Həmin dövrdə Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərinin inkişafı sürətlənib. Respublikada regional şəhərsalma şəbəkəsi formalaşıb. Heydər Əliyevin şəhərsalma siyasətinin əsasını milli memarlıq ənənələrinin qorunması və inkişaf etdirilməsi təşkil edib. Yeni tikililərdə milli ornamentlərin və klassik Şərq memarlıq elementlərinin istifadəsi təşviq edilib.

Müsahibimiz diqqətə çatdırıb ki, 1969-1982-ci illərdə şəhərsalma ilə bağlı bir sıra qərarlar qəbul olunub. Məsələn, “Azərbaycanda infrastruktur və şəhər inkişafı” ilə bağlı qərarda yeni tikinti layihələrinin həyata keçirilməsi ilə yanaşı, şəhərlərin tarixi memarlıq üslübunun da qorunub saxlanılmasına xüsusi diqqət yetirilirdi. Məhz həmin dövrdə İçərişəhərin qorunması proqramı hazırlanmış, tarixi memarlıq abidələrinin inventarlaşdırılması aparılmışdı.

Heydər Əliyev çıxışlarında qeyd edirdi ki, şəhərlərin memarlıq siması xalqın mədəni səviyyəsini və tarixi irsini əks etdirir.

Təəssüf ki, sovet dövründə Ordubad şəhərində aparılmış quruculuq və abadlıq işləri zamanı tarixi şəhərsalma üslubu itirilmiş, bir neçə tarixi memarlıq abidəsinə xələl yetirilmiş, hətta bəziləri sökülmüşdü. Nəticədə Ordabad şəhəri öz tarixi görünüşünü itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin hadisədən xəbər tutan Heydər Əliyevin qərarı ilə 1977-ci ildə Ordubad qoruq şəhər elan edilmiş və bununla da şəhərin toxunulmazlığı təmin edilmişdi.

Heydər Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilən mühüm tədbirlərdən biri Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan SSR-də şəhərsalma, memarlıq və arxeoloji abidələrin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 1981-ci il tarixli Qərarının qəbul edilməsi olub. Yaranmış vəziyyətin ətraflı təhlil edilməsi, problemlərin, çətinliklərin yaranma səbəbləri, onlardan çıxış yollarının düzgün müəyyənləşdirilməsi baxımından bu Qərarın qəbul edilməsi mühüm tarixi hadisə olub.

Beləliklə, sovet dövründə həyata keçirilən şəhərsalma proqramları Azərbaycanın sənaye və sosial infrastrukturu üçün əsas yaradıb, müstəqillik dövründə isə yeni iqtisadi və siyasi reallıqlara uyğun şəhər inkişaf modeli formalaşıb. Heydər Əliyevin şəhərsalma siyasəti Azərbaycan şəhərlərinin XX əsrin sonu və XXI əsrin əvvəllərində transformasiyasında mühüm rol oynayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
azertag.az

1Mənbələr