AZ

Özəlləşdirmə çekləri: ziyalılardan ədalət tələbi

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

“İşbazlar haqsız qazanc əldə etdilər, sadə vətəndaşların isə haqları əllərindən alındı, bu haqsızlığa son qoyulmalıdır”

Məlum olduğu kimi, SSRİ-nin dağılması ilə Azərbaycan sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etdi. Nəticədə Azərbaycan Respublikasında olan nəhəng dövlət əmlakının (mülkiyyətinin) onun həqiqi sahibi olan vətəndaşlara (xalqa) əvəzsiz qaydada verilməsi məsələsi gündəmə gəldi. Çünki SSRİ-dəki əmlak xalqın mülkiyyəti idi.

1990-cı illərin 1-ci yarısında dövlət əmlakının bir hissəsinin dövlət özəlləşdirmə payları kimi vətəndaşların mülkiyyətinə verilməsi qərara alındı. Tarixi ədalətin təmin olunması üçün qanunlar qəbul edildi və bu qanunla dövlət əmlakının, dövlət özəlləşdirmə payları kimi xalqa verilməsi mexanizmi quruldu.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında özəlləşdirmə qanunvericiliyi digər postsovet ölkələrində baş vermiş hüquqi pozuntular nəzərə alınmaqla daha yüksək hüquqi təminatlarla qəbul edildi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan qanunvericiliyi daha dəqiq və hüquqi baxımdan daha güclü şəkildə formalaşdırıldı və özəlləşdirmə haqqında qanunun özündə özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi olduğu birbaşa təsbit edildi.

Belə olan halda, qanunla vətəndaşlara verilmiş hüququn sonradan qanundan aşağı hüquqi qüvvəyə malik olan normativ aktlarla, xüsusilə icra hakimiyyəti orqanlarının fərmanları ilə faktiki olaraq ləğv edilməsi hüquqi dövlət prinsipinə ziddir. Sonradan həmin qanunvericiliyin icra olunmaması və icrasının aşağı hüquqi qüvvəli aktlarla məhdudlaşdırılması Konstitusiyanın aliliyi prinsipinin pozulmasıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən, Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir və qanunlar digər normativ aktlardan üstündür. İcra hakimiyyəti orqanlarının aktları qanunlara zidd ola bilməz. Dövlət Özəlləşdirmə Payları və Dövlət Özəlləşdirmə Çekləri ilə bağlı hüquqi gözləntinin kompensasiya ödənilmədən aradan qaldırılması mülkiyyət hüququnun pozulması hesab olunur və Konstitusiyanın 29-cu maddəsinə ziddir. Nəticə olaraq, dövlət tərəfindən verilmiş mülkiyyət hüququnun qanundan aşağı hüquqi aktlarla faktiki olaraq aradan qaldırılması hüquqi dövlət prinsipinin, Konstitusiyanın aliliyinin və mülkiyyət hüququnun pozulmasıdır.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan vətəndaşlar (686 iddaçı və 3500-dən çox 3-cü şəxs) 2024-2025-ci illərdə Bakı İnzibati Məhkəməsinə, sonradan Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə ərizə ilə müraciət edib. Lakin məhkəmələr qanunları və Konstitusiyanı pozaraq işi araşdırmaqdan imtina edib.

Gəlin QANUNla olan normalara baxaq:

İddia ərizəsinin predmetini mülkiyyət hüququnun pozuntusu təşkil edir və bu pozuntulara iddia müddəti şamil olunmur. Məhz Mülki Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri – iddia müddətinin şamil edilmədiyi tələblərdən biridir. Bu norma imperativ normadır.

Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsində deyilir ki, “maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır”.

Məhz həmin elan dərc olunandan sonra 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlayır. Lakin məlum olduğu kimi, bu barədə qanunla imperativ qaydada tələb edilən elan mətbuatda dərc olunmayıb. Hətta, 2017-ci ildə Qanunla özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasına cavabdeh dövlət orqanı olan AR Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən rəsmi olaraq bildirilib ki, 75 N-li Fərmanın 1.1 bəndinə uyğun olaraq 01.01.2011-ci ilə qədər özəlləşdirmədə ödəmə-tədiyyə vasitəsi kimi istifadə edilməyən çeklərin dövriyyədən çıxarılması qaydaları hazır olmadığı üçün gələcəkdə dövriyyədən çıxarılacaq. Və bu günə qədər bu barədə heç bir rəsmi ELAN olmayıb.

Başqa bir ifadə ilə 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlamadığı kimi, heç 1 illik müddət də bitməyib. Məhkəmələr tərəfindən iddiaçıların 10 və ya 1 illik iddia müddətini ötürdüklərinin qəbul edilməsi - məhkəmənin işi obyektiv və hərtərəfli araşdırmadığını, qanuni və əsaslı məhkəmə qərarı qəbul etmədiyini, ədalətli məhkəmə araşdırması hüququnun və qanunla qorunan mülkiyyət hüququnun pozulduğunu təsdiq edir.

Məhz Ali Məhkəmənin qərarının 51-ci bəndində açıq aydın yazılır ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılması” Qaydalarının hüquqi normativ akt ilə təsdiqlənməməsi halında, eləcə də, həmin çeklərin dövriyyədə olması qəbul edilsə belə, onların istifadə müddətinin bitməsi barədə maddi hüquqi norması mövcuddur”.

Ali Məhkəmə öz qərarının 51-ci bəndi ilə dövlət özəlləşdirmə çeklərinin (DÖÇ) hələ də dövriyyədə olduğunu inkar etmədi, lakin Mülki Məcəllənin 384.0.5-ci madəsinin xüsusi hüquq norması olduğunu və bu normanın ümumi normadan üstün olduğunu bilə-bilə, vətəndaşlara qarşı ədalətsiz qərar çıxardı.

Bundan başqa, ərizəçilər məhkəmələrə vəsatət ilə bildiriblər ki, 2004-cü ilə qədər heç bir qanunvericilik aktı DÖÇ-lərin tədiyyə (ödəniş) vasitəsi kimi istifadə müddətini məhdudlaşdırmayıb, lakin Ulu Öndər Heydər Əliyevin vəfatından 6 ay sonra PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev və oliqarx məmurların xəyanət və cənab Prezidentin etibarından sui-istifadəsi nəticəsində, 2004-cü ildə qəbul edilən 75 saylı fərman ilə bu müddət məhdudlaşdırıldı. Həmin vaxt və bu gün də qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə görə, “Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi - manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur”.

Göründüyü kimi, 75 saylı Fərman 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə ziddir. Bunun Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılması və işin Konstitusiya Məhkəməsinə göndərilməsi tələb olundu. Lakin məhkəmələr bu ziddiyyəti və onun hüquqi nəticələrini araşdırmadığı kimi, işi Konstitusiya Məhkəməsinə də göndərmədi. Ancaq tək hakimlər deyil, bütün ziyalılar gözəl bilir ki, normativ aktların iyerarxiyası Konstitusiya ilə müəyyən olunub və bu gün qüvvədə olan Özəlləşdirmə Qanununun 10-cu maddəsi ilə çeklər ödəmə vasitəsi olmalıdır – yəni özəlləşdirmə çekləri öz hüquqi quvvəsini itirməyib.

Bu fakt birmənalıdır ki, FƏRMAN QANUNU ləğv edə bilməz!

(HÜQUQİ ƏSASLANDIRMA VƏ FAKTLARA DİQQƏT)

Özəlləşdirmə çekləri istifadə edilmədən, 2011-ci ildən sonra milyonlarla dollar dəyəri olan iri müəssisələr özəlləşdirildi. Prosesin bu işdə maraqlı olan və Ramiz Mehdiyevə yaxın oliqarx məmurlar tərəfindən aparıldığı şübhə doğurmur.

Cənab Prezident hüquqşünas deyil. Çox maraqlı haldır ki, bütün deputatlar Qanun maddəsinin Fərmanla dayandırılmasının qanunlara və Konstitusiyaya TAM ZİDD olduğunu bildirirlər – ancaq bu barədə cənab Prezidentə birbaşa Milli Məclis adından müraciət etmirlər.

Bu səbəbdən Ulu Öndər Heydər Əliyevin xalqa vədinə və qanunun aliliyinə inanıb özəlləşdirmə çeklərini ümidlə saxlayan onminlərlə ailə adından Milli Məclisə çoxsaylı müraciətlər edilir. Çek sahiblərinin deputatlara müraciətlərində bildirilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım olunmalıdır. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərində özəlləşdirmə çeklərinin dövriyyədə ola-ola Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah edirlər. Qeyd edilir ki, Milli Lider Heydər Əliyev dəfələrlə AzTV-dən xalqa müraciət edərək Özəlləşdirmə Çeklərini Tədavül vasitəsi kimi satmamağı - onlardan Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdirmədə iştirak etməyi məsləhət görürdu. Hətta deyirdi ki, 10,15 -20 il kecməsindən aslı olmayaraq hər bir vətəndaş öz əmlak payını almalıdır. Deputatlardan xahiş olunur ki, Prezidentə məsələni doğru-düzgün formada çatdırsınlar, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər.

Milli Məclis üzvləri də vətəndaşların müraciətlərinə reaksiya verir, əhalinin tələbini haqlı sayır, insanların pozulan hüquqlarının bərpasının vacibliyini bəyan edirlər. İndiyədək haqq-ədaləti dəstəkləyən, hökuməti qanunun aliliyinin təmin edilməsinə çağıran və haqlı vətəndaşların mövqeyini müdafiə edən deputatların sayı 60 nəfərdən çoxdur.

Ümumiyyətlə, çek sahiblərinin tələblərinin tam qanuni olması və haqlarının bərpasının vacibliyi barədə illər boyu müxtəlif sahələr üzrə tanınmış şəxslər, elm və mədəniyyət xadimləri, mütəxəssislər tərəfindən fikirlər səsləndirilib, müvafiq qurumlara çağırışlar edilib. Son illər ərzində mövzuya dair mövqelərini AYNA.AZ-a açıqlayan bir sıra ziyalıların fikirlərindən xülasələri təkrar oxucuların diqqətinə çatdırırıq.

Keçmiş deputat, Xalq şairi Sabir Rüstəmxanlı:

“Çekləri əlində qalan çarəsiz şəxslərin dövlətə inamını bərpa etmək üçün kompleks tədbirlər görülməlidir. Mən xatırlayıram, o vaxt səbəbindən asılı olmayaraq, insanlar aldadıldı. İndi minlərlə insan haqqını tələb edir. Ona görə də çeklər ya yenidən tədavülə buraxılmalı, ya da vətəndaşlara sahib olduqları çeklərin müqabilində kompensasiya ödənilməlidir. İnsanların haqqı varsa, tanınmalıdır. Dövlətin qiymətli kağızını bu insanlar ata bilməzlər, bəs, nə etməlidirlər?!

Düşünürəm ki, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması vətəndaşların xeyrinə və ədalətli qərar olardı. Yaxşı olardı ki, hökumət bu məsələni bir daha nəzərdən keçirsin və dövlət əmlakının özəlləşdirilməsində çeklərin iştirakına şərait yaradılsın. Ümumiyyətlə, özəlləşdirmə çeklərinin istifadə müddətinin bitməsi qanunsuzdur. Ona görə ki, qanunda bu çeklərin müddətsiz olduğu bildirilirdi. Bu çeklər qiymətli kağızlar olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır.

Vaxtilə çeklərdən necə və hansı formada istifadə olunması ilə bağlı kütləvi məlumatsızlıq oldu. Halbuki özəlləşdirmə çekləri paylananda vətəndaşlara onun əhəmiyyəti, insanların bu çeklərdən necə istifadə etməsi ilə bağlı dolğun bilgi verilməliydi. Belə olmadığı üçün vətəndaşlar düzgün istifadə qaydasını bilmədilər. Bu məlumatsızlıqdan, bilgisizlikdən də öz xeyirlərinə sui-istifadə edənlər oldu. Çeklərini saxlayan vətəndaşlar isə dövriyyədən çıxarıldığına görə bundan istifadə edə bilmirlər.

Konstitusiya Məhkəməsi məsələ ilə bağlı araşdırma aparmalı və nəticəsini elan etməlidir - vətəndaşın haqqı özünə qaytarılmalıdır və inanıram ki, qaytarılacaq. Yüzminlərlə insanı əsir-yesir qoymaq düzgün deyil. Müvafiq dövlət orqanları məsələyə kompleks yanaşmalı və qanunun tələbinə əməl etməlidir”.

Filoloq alim, yazıçı-publisist Vaqif Bəhmənli

“Kimlər vauçerlərini saxlayıblarsa, onlar ağıllı insanlardır. Çünki Ulu Öndər Heydər Əliyevin bununla bağlı fərmanı ölkə vətəndaşlarının qarşısında böyük imkanlar açırdı. O, çox uzaqgörən və zəngin siyasi təcrübəyə malik siyasətçi idi. Bilirdi ki, vətəndaşlara verilən mülkiyyət hüququ onların dədə-babasının zəhmətinə verilən qarşılıqdır. Çünki hər bir şəxsin ətrafında, ailəsində Sovetlər Birliyinin inkişafına təkan verən insanlar olub. Bir halda ki, ölkə yeni sistemə keçidi təmin edirdi, mütləq şəkildə hər kəsin haqqı ödənilməli idi. Doğrusu, gözləntilər yüksək olsa da, proses yarımçıq aparıldı. Bizlər də məcbur qalıb, vauçerlərimizi satdıq.

Kimlərin vauçerləri əllərində qalıbsa, onların hüquqları bərpa edilməlidir. Qarşıdakı dövrdə dövlət qurumları özəlləşdirməyə çıxarılarsa, bu məsələyə xüsusi diqqət ayrılmalıdır. Proses o zaman yekunlaşmış sayıla bilər ki, hər kəs bundan bəhrələnsin. Əgər bu, baş verməyibsə, demək proses bitməyib. Bu məsələyə yenidən qayıdılmalıdır. İnanıram ki, belə də olacaq”.

Azərbaycan Respublikasının Xalq artisti Flora Kərimova:

“Ulu öndər Heydər Əliyevin fərmanı mühüm tarixi hadisə idi. Xatirimdədir, bu fərman böyük ruh yüksəkliyi ilə qarşılandı. Burada məqsəd vətəndaşlarımızın özəlləşdirmə prosesində iştirakını təmin etmək idi. Onların ata-babalarının, hər birinin haqqı var idi Sovet dövlətinin üzərində. Bu səbəbdən həmin əmlaklar da elə onların arasında bölünməli idi. O zaman ailə üzvlərimdən biri bu işlərlə məşğul olurdu. Açığını desəm, xatırlamıram ki, çeklərimizin aqibəti necə oldu. Hər halda bu proses gözlənildiyi kimi, həyata keçirilmədi.

Bu gün Azərbaycan qalib ölkədir. İllərin tarixi həsrətinə son qoymuşuq. Artıq hər yerdə fəxrlə söyləyə bilərik ki, biz qalib xalqın nümayəndələriyik. Bu qələbə bizi birləşdirdi, daha da yaxınlaşdırdı. Son dövrlər Azərbaycanda hərtərəfli islahatlar həyata keçirilir. Bu islahatlar bütün ziyalılar və xalqımız tərəfindən təqdir olunur. İnanıram ki, nəhayət, bu məsələyə də aydınlıq gətiriləcək. Yüzminlərlə soydaşımız çekləri əllərində gözləyirsə, onların çağırışına reaksiya verilməlidir. Bu təşəbbüsü irəli sürənləri tam mənada dəstəkləyirəm. Onlarla birlikdə olduğumu bəyan edirəm”.

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev:

“Mən heç zaman ticarətlə məşğul olmamışam. Bundan sonra da olmayacağam. O səbəbdən vauçerlərimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan yaxın dostuma bağışladım. Bildiyim qədər, müəyyən faydası oldu. Amma ümumilikdə bu proses qüsurlu aparıldı. Əhalinin maariflənmə səviyyəsi çox aşağı idi. Heç bilmədilər ki, özəlləşdirmə çekləri nə deməkdir. Bir də ayıldıq ki, artıq proses sona çatıb.

Bu gün yüzminlərlə insan hələ də o vauçerləri evində saxlayır. Mən iqtisadçı deyiləm, amma ortada vətəndaşların hüquqlarının pozulması müzakirə mövzusudursa, burada iqtisadçı olmağa da gərək yoxdur. Layiqli vətəndaş olmaq kifayət edir. Hesab edirəm ki, tədavül müddəti artırılmalı və bununla yüzminlərlə insanın hüquqlarının pozulmasına son qoyulmalıdır. Problemin həllini sonsuza qədər uzatmaq olmaz və ən qısa müddətdə öz həllini tapmalıdır”.

Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyov:

“Məmurlar xalqa xidmət barədə düşünməyə başlamalıdırlar. Çox qəribə vəziyyət yaranıb. Dövlət qərar qəbul edir, vətəndaşların mənafeyini təmin etmək üçün sərəncam imzalanır. Amma məmurlar elə bir oyun oynayırlar ki, vətəndaşlar qalır kənarda. Yeyən də məmurlar olur, dağıdan da. Necə ki, böyük Məmməd Araz deyirdi:

“Sənə gələn, səndən ötən nəydi belə?

Səndən ötüb qardaşına dəydi belə?”

Son qoymaq lazımdır belə şeylərə. Prezident gecə-gündüz çalışır, torpaqlarımızı azad edir. Xalqın rifahı naminə dayanmadan işləyir, bu məmurlar isə oğurlayırlar. Bu, nə deməkdir, ay məmurlar? Belə çıxır sizin övladlarınızın ağzı var, bizim balalalarımızın ağzı yoxdur?!

Yüzminlərlə vətəndaşın vauçerləri əllərində qalıb. Təcili olaraq onların haqları bərpa edilməlidir. Mən bir ziyalı olaraq buradan ölkə rəhbərliyinə müraciət edirəm. Qalib xalqın nümayəndəsiyik, imkan verməyək ki, vətəndaşlarımızın hüquqları pozulsun. Bu kimi hallara son qoyaq. Yığışdıraq belə şeyləri”.

Azərbaycan Respublikasının Xalq artisti, məşhur aktyor Valeh Kərimov:

“Özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən artırırlmasına ehtiyac var. O zaman Ulu öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara əvəzsiz vauçerlər paylandı. Bir çoxu bu çekləri satsa da, hələ də saxlayanlar var və onlardan biri də mənəm. Ailə üzvlərimlə birlikdə bizə məxsus olan vauçerləri bu günə qədər qoruyub saxlayırıq.

O zaman mərhum Prezident Heydər Əliyevin bu fərmanı cəmiyyətdə böyük ruh yüksəkliyi ilə qarşılandı. Çünki bu, ölkə vətəndaşlarının halal haqqı idi. Sovetdən qalma müəssisələr onların ata-babalarının iştirakı ilə yaradılmışdı. Lakin sonradan bu proses uğurlu getmədi və nəticə olaraq yüzminlərlə çek hələ də əllərdədir.

Hökumətin çekləri əllərində qalan vətəndaşlarla bağlı qərar verməsinə ehtiyac var. Hesab edirəm ki, bu, bir o qədər də çətin olmayacaq. Azərbaycan dövləti vətəndaşların problemlərinin həlli istiqamətində çoxsaylı addımlar atıb. Xüsusən, son illər bu istiqamətdə çox ciddi işlər görülür.

Müvafiq qurumlar əllərdə qalan vauçerlərin sayını müəyyən etməli və ardınca onların dövriyyəyə qaytarılması prosesinə başlamalıdır. İnanıram ki, bu, belə də olacaq. Onların arasında sosial təminatı aşağı səviyyədə olan vətəndaşlarımız da var və bu, onlara böyük hədiyyə olardı”.

“Tərəqqi və Demokratiya” İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu:

“Özəlləşdirmə çekləri ilə bağlı proses, çox təəssüf ki, bəzi fırıldaqçı və işbazların maraqlarına uyğun şəkildə aparıldı. Nəticədə pay sahibləri böyük ziyana uğradılar. Hansı ki, bu çeklərlə bağlı qanun qəbul ediləndə, fərman veriləndə insanlar ümid edirdilər ki, bu, onların həyatında müsbətə doğru dəyişikliklər yaradacaq. Təəssüf ki, bəzi işbazlar bu dəfə də estafeti ələ aldılar və milyonlarla insanın arzusunu suya düşürdülər.

Bu gün də çekləri əllərində qalan, tarixi ədalətin bərpa olunacağı günü səbirsizliklə gözləyən yüzminlərlə vətəndaşımız var. Onları Allahın ümidinə buraxmaq olmaz. Heç olmasa, indi bu insanların gələcəyinə sahib çıxsınlar. Ya yeni qanun qəbul etsinlər, ya tədavül müddətini artırsınlar, ya da kompensasiya ödəsinlər”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla:

“Özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməlidir. Hesab edirəm ki, Azərbaycan hökuməti bu mövzunu diqqətdən kənarda qoymamalıdır. Ola bilər ki, bu gün yox, sabah bu mövzuya qayıdılsın. Qeyd oluna bilər ki, post-müharibə dövründə dövlətin buna ayıracaq vəsaiti yoxdur. Lakin bütün hallarda niyyət və mövqe ortaya qoyulmalıdır.

Bunu necə həyata keçirmək olar: hərracamı çıxarılmalıdır, kompensasiyamı ödəniləcək, yoxsa növbəti özəlləşdirmə prosesində iştiraklarına yaradılacaq? Buna müvafiq qurumlar qərar verməlidir. Kifayət qədər həssas mövzudur və həllini gözləyən sosial problemlərdən biridir.

Qeyri-rəsmi məlumatlara görə, yüzminlərlə vətəndaş çeki əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Bu qədər adamı Allahın ümidinə buraxmaq olmaz. Azərbaycan hökuməti ölkə ziyalılarının çağırışlarına və vauçerləri əlində qalan vətəndaşların çoxsaylı müraciətlərinə reaksiya verməlidir”.

Milli Məclisin sabiq üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev:

“Mənim və ailə üzvlərimin payına düşən çekləri hələ də saxlayırıq. Qeyd edim ki, özəlləşdirmə çekləri ilə bağlı proses ciddi qanun pozuntuları ilə müşayiət olundu. Halbuki, ötən əsrin 90-cı illərində imzalanan fərmana görə, özəlləşdirmə prosesinin əsas iştirakçıları vətəndaşlar olmalı idi. Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi və əhalinin bu prosesdə iştirakı ciddi hadisə idi.

Təəssüf ki, hər şey gözlənilənlərin əksinə oldu. Faktiki olaraq vətəndaşlar bu prosesdən kənarda qaldılar. Müvafiq qurumlar bu prosesi olduqca səmərəsiz şəkildə həyata keçirdi. “Qara bazar”da xüsusi qruplar formalaşdı və onlar həmin vauçerləri dəyər-dəyməzinə bir ələ yığdılar.

Digər yandan əhalinin maariflənmə səviyyəsi çox aşağı idi. Əksəriyyət bunun nə məqsədlə paylandığı barədə səhih məlumatlara malik deyildi. Nəticədə həmin çeklərin əksəriyyəti ya vətəndaşların əllərində qaldı, ya da “qara bazar” iştirakçılarının əlinə keçdi.

2011-ci ildən tədavül müddəti dayandırılıb. Təbii ki, yüzminlərlə vətəndaşın hüquqlarının pozulması yolverilməzdir. Mütləqdir ki, bu məsələ hansısa formada həllini tapsın. Bunun necə həyata keçiriləcəyi məsələsi isə müvafiq qurumlardan asılıdır. Fakt odur ki, çekləri əllərində vətəndaşların hüquqları bərpa edilməlidir”.

Azad İstehlakçılar Birliyinin sədri, vətəndaş hüquqlarının müdaiəçisi Eyyub Hüseynov:

“Özəlləşdirmə çekləri ilə bağlı proses vətəndaşların maraqlarını ifadə etmədi. O zaman elan olunanda ki, əhaliyə əvəzsiz vauçerlər veriləcək, bu, böyük maraqla qarşılandı. Elə adamlar vardı ki, çeklərlə bağlı çeşidli planlar qururdu. Sadəlövhcəsinə inanırdıq ki, bu, bizim parlaq gələcəyimizi təmin edəcək. Çekləri satmamaq, gələcəkdə hansısa müəssisədə payçı olmaq istəyimiz də vardı.

Lakin sonradan məlum oldu ki, bunun vətəndaşa heç bir aidiyyəti yoxdur. Bizim kimi müəllimlər, həkimlər, fəhlələr - sadə camaat heç bir fayda görmədi. Çeklərdən müəyyən təbəqə qazancla çıxdı. Hətta, bu çeklərin hesabına zəngin həyat quranlar da oldu. Bütün hallarda vətəndaşların haqları bərpa olunmalıdır”.

QEYD

Ötən əsrin sonunda - Özəlləşdirmə Payları (çekləri) 29 sentyabr 1995-ci il  1120 nömrəli Qanunla qəbul olunmuş Dövlət  Proqramı ilə verilmişdir və Qanunun icrasını təmin etmək ücün  AR Prezidentinin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə"yə uyğun olaraq (verilmişdir) paylanmışdır. Qanunla vətəndaşlara mülkiyyət sahibi olmaq üçün verilmiş qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Eyni zamanda dövriyyədə Tədiyyə-Özəlləşdirmə vasitəsi kimi istifadəsi də Qanuna və Konstitusiyaya zidd olaraq Fərmanla məhdudlaşdırılıb. Əllərində qiymətli kağız olan çekləri qalmış yüzminlərlə vətəndaş Tədiyyə-Ödəmə müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir. Çünki vətəndaşlar üçün çeklərin dövriyyədə tədavül vasitəsi ( alqı-satqı, banka girov və s.) olması vacib deyil. 100 minlərlə vətəndaş Heydər Əliyevin məsləhətinə uyğun olaraq öz çeklərindən dövriyyədə Tədiyyə-Ödəmə vasitəsi kimi istifadə edərək özəlləşdiriləcək iri müəsisələrdə pay sahibi olmaq və divident almaq ümüdi ilə öz çeklərini satmayıb – saxlayıblar.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 15 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
4
ayna.az

7Mənbələr