AZ

Yuxusuzluq hansı problemlərə səbəb olur?

BAKI, 16 mart. TELEQRAF

Yuxusuzluq uzun müddət davam edərsə, bir çox fiziki və psixoloji sağlamlıq problemlərinə səbəb ola bilər. Bu, yalnız gündəlik həyatınızı deyil, ümumi rifahınıza da mənfi şəkildə təsir edə bilər.

Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Aygün İsayeva deyib.

O bildirib ki, yuxusuzluq immun sistemini zəiflədir, bu da bədəni xəstəliklərə daha həssas edir.

"Davamlı yuxusuzluq, yüksək qan təzyiqi, ürək xəstəlikləri və digər ürək-damar problemləri riskini artırır. Yuxusuzluq, aclıq və iştahı tənzimləyən hormonları pozur, bu da çəki artımına səbəb ola bilər. Bu, menstruasiya dövrü, insulin səviyyələri və digər bədən funksiyalarına təsir göstərir. Yuxusuzluq stress və narahatlıq səviyyələrini artırır, bu da emosional narahatlığa səbəb ola bilər. Depressiya əlamətlərinin güclənməsinə və əhval-ruhiyyənin düşməsi ilə nəticələnir. Yuxusuzluq beyin funksiyalarını zəiflədir, konsentrasiya, yaddaş və qərar qəbul etmə qabiliyyətinə mənfi təsir edir", - nevroloq vurğulayıb.

A. İsayeva yuxu pozuntularının müalicəsinin mümkün olduğunu da vurğulayıb:

"Müalicə üsulları pozuntunun növünə və səbəbinə bağlı olaraq dəyişir. Yuxu pozuntuları müxtəlif səbəblərdən qaynaqlana bilər və buna görə də müalicə yanaşmaları fərqli olur. Yuxu pozuntularının müalicəsi adətən üç əsas yanaşmanı əhatə edir. Davranışsal müalicə (Koqnitiv Davranış Terapiyası - CBT-i). Bu terapiya, yuxu pozuntuları üçün çox effektiv bir müalicə üsuludur. Koqnitiv davranış terapiyası (CBT-i), yuxusuzluğu və digər yuxu problemlərini müalicə etmək üçün xüsusi olaraq hazırlanmış bir psixoterapiya üsuludur. CBT-i, yuxu ilə bağlı mənfi düşüncələri və davranışları dəyişdirməyə kömək edir. Bu terapiya yuxu təlimini, stress idarə etmə texnikalarını və rahatlama metodlarını öyrədir. CBT-i, xüsusilə uzun müddət yuxusuzluğu olan şəxslər üçün çox təsirli ola bilər. Medikamentoz müalicəyə (Dərman müalicəsi) gəldikdə isə bəzi hallarda, dərmanlar yuxu pozuntularının müalicəsində istifadə edilə bilər. Bununla belə, dərmanlar yalnız qısa müddətli müalicə üçün və ya digər müalicə üsullarının nəticə vermədiyi hallarda tövsiyə edilir. Yuxu pozuntularını müalicə etmək üçün həyat tərzində bəzi dəyişikliklər də çox faydalı ola bilər. Yuxu rejiminin tənzimlənməsi üçün hər gün eyni vaxtda yatmaq və eyni vaxtda oyanmaq, bədən saatının tənzimlənməsinə kömək edir. Gün ərzində fiziki fəaliyyət və idman etmək yuxuya keçidi asanlaşdırır, lakin yuxudan əvvəl ağır məşqlərdən qaçınmaq vacibdir. Yuxudan əvvəl ağır yeməklərdən, kofein və alkollu içkilərdən uzaq durmaq faydalıdır".

Seçilən
11
teleqraf.com

1Mənbələr