AZ

Nənən qurban, ay Murad - "Neftçi"nin şansı qalır

Azərbaycan Premyer Liqasının son turunda “Neftçi” səfərdə “Qəbələ”ni məğlub etdi. Öz meydanında çətinliklə əyalət təmsilçisinə qalib gələn paytaxt klubu bu dəfə açıq üstünlüklə 3 xal qazana bildi.

Oyunda son nöqtəni legionerlik həyatına hazırlaşan Murad Məmmədov qoydu. 74-cü dəqiqədə meydana çıxan 19 yaşlı yarımmüdafiəçi cəmi 3 dəqiqə sonra “Qəbələ”nin qapısına yol tapa bildi. Matç ərzində ikinci dəfə qol vurmağa yaxın olan gənc futbolçu hesab arasındakı fərqi artıra bilmədi. Qapıçı Səlahət Ağayev sol küncə göndərdiyi topun qarşısını almağı bacardı.

“Neftçi” baş məşqçi Yuri Vernidubun gəlişindən sonra özünə gəlməyə başlayan ‘Neftçi’də Murada şans verilən kimi millimizin futbolçusuna elçilər də düşüb. O, tezliklə “ağ-qaralar”la vidalaşacaq. Karyerasını Kiprdə davam etdirəcək gənc Məmmədov ölkənin "Pafos" klubu ilə anlaşıb. Tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət nəticələnib. 

Kipr təmsilçisi Məmmədovla dördillik müqavilə imzalayacaq. Mövsümün sonu "Neftçi" ilə sözləşməsi bitəcək gənc futbolçu yeni komandasına yayda azad agent kimi qoşulacaq. "Pafos" hazırda Kipr çempionatında yuxarı pillələrdə qərarlaşıb. Bu barədə İdmanxeber.az yazıb. Transfer xəbərindən sonra artıq “Neftçi” azarkeşləri arasında Məmmədovun son performansına əsasən onun komandadan getməsinə heyifsilənənlər də az deyil. Bu, paytaxt klubunun elə dünənki qol paylaşımının rəyində də özünü göstərdi. 

Ümid edirik, Muradın nənəsi Əfiqə Məmmədova legionerlik həyatında da hər uğuruna görə sosial şəbəkədə “Nənən qurban” yazacaq. Bunu hamımız Azərbaycan futbolu adına arzulayırıq.

“Neftçi”yə gəldikdə isə klub hələlik Avrokuboklara getmək şansını özündə saxlayır. Yuri Vernidub oyundan bu fikirləri sonra bildirib: “Komandamız da ürəklə oynadı ki, azarkeşlər zövq alsınlar. Bu gün hakimlik lazımi səviyyədə idi. Əgər hər bir matç bu cür hakimliklə davam edərsə, hər şey super olacaq. “Qəbələ” məğlub olsa da, maraqlı komandadır. Qəbələdə çox gözəl futbol mərkəzi var. Çox şadam ki, Azərbaycanda futbol inkişaf edir. “Neftçi”nin avrokuboklara vəsiqə qazanmasını çox istəyirik. Bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Mirzə
Ölkə.Az

Seçilən
24
1
olke.az

2Mənbələr