İranda ABŞ və İsrailin hücumları fonunda "düşmənə kəşfiyyat məlumatları ötürməkdə" ittiham olunan 500 nəfər həbs edilib. 1news.az-ın "Tasnim" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Polis rəisi Əhməd Rza Radan məlumat verib. O, saxlanılan şəxslərin birbaşa ölkə əleyhinə fəaliyyətlərdə və xarici mediaya kəşfiyyat məlumatlarının ötürülməsində iştirak etdiyini bildirib: "Saxlanılanların 250-si vurulacaq hədəflər barədə 'Iran International' telekanalına məlumat sızdıran, müxtəlif silahlı qruplaşmalarla əlaqəsi olan və ölkədə ictimai sabitliyi pozmağa cəhd edən şəxslərdir". Xatırladaq ki, rəsmi Tehran 2022-ci ildə Londonda fəaliyyət göstərən "Iran International" telekanalını "terror təşkilatı" elan edib. Kanal ölkədəki etiraz aksiyaları zamanı dezinformasiya yaymaqda və zorakılığı təşviq etməkdə ittiham olunur. Eyni zamanda, həmin kanalın əməkdaşlarının İrandakı bank hesablarının və əmlaklarının dondurulması barədə qərar qəbul edilib. Qeyd edək ki, son aylarda regionda gərginliyin artması ilə əlaqədar İranın daxilində təhlükəsizlik tədbirləri və xüsusi əməliyyatların sayı kəskin artıb.