Vətəninfo.az-ın redaksiyasına Sumqayıt şəhər sakinləri adından Məmmədov Natiq İsa oğlu tərəfindən daxil olan şikayət müraciəti Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ilə bağlıdı.Müraciətdə qeyd edilir ki, ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının idmana və idmançılara göstərilən birbaşa diqqət, həyata keçirilən islahatlar nəticəsində Azərbaycan qısa müddətdə beynəlxalq aləmdə böyük etimad qazanan idman ölkəsinə çevrilmişdir. Həmin vaxtdan etibarən ölkədə onlarla müasir idman kompleksi tikilmişdir.
Müraciətdə qeyd edilir ki, onlardan biri də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionudur. Azərbaycan Respublikası Prezidentinin 21.11.2019-cu il tarixli Sərəncamına əsasən stadionun tikintisinə 2020-ci ildə başlanılıb 2022-ci ildə başa çatdırılıb: “Tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərir. Eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var. Lakin əfsuslar olsun ki, 4 ildir ki, stadionda isti su yoxdur. Bura sağlamlıq üçün üz tutan yeniyetmələr, gənclər, isti suyun olmaması səbəbindən xəstəlik tapırlar. Məşqçilərin bəziləri deyir ki, buna səbəb stadionun su və istilik idarələrinə olan borcudur. Lakin bunun məntiqi əsası yoxdur. Çünki bu stadion büdcə təşkilatlıarı qrupuna aid olduğundan bütün xərclər dövlət büdcəsi tərəfindən qarşılanır.
Sizlərdən xahiş edirik Möhtərəm Cənab Prezidentimizin sayəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna isti suyun verilməsi üçün bizlərdən öz köməyinizi əsirgəməyəsiniz”.
Qeyd edək ki, müraciət Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev Cənablarına, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Hörmətli Mehriban Əliyevaya,Azərbaycan Respublikasının Baş Naziri Cənab Əli Əsədova, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Hörmətli Sahibə Qafarovaya, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Hörmətli Səbinə Əliyevaya VƏ Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbova Sumqayıt sakinlərinin adından ünvanlanıb.