Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ermənistanda parlament seçkiləri günü (7 iyun) yaxınlaşdıqca müxalifət partiyaları fəallıqlarını artırmağa başlayıblar. Eks-prezident Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresinin qurultayı keçirilib. Partiyaya faktiki Levon Zurabyan rəhbərlik edib, qurultay məhz onun baş nazirliyə namizədliyini irəli sürüb.
Ermənistanda seçkiqabağı vəziyyəti şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, Erməni Milli Konqresinin nəinki qələbə qazanmaq, parlamentdə təmsil olunmaq şansı belə azdır.
Onun sözlərinə görə, buna görə də Erməni Milli Konqresi digər müxalifət partiyalarla ittifaq formalaşdırmağa çalışır: “Konqres iş adamı və “Taşir” Şirkətlər qrupunun sahibi Samvel Karapetyanın partiyası ilə ittifaqa maraq göstərir. Çünki müxalifət partiyalarından məhz Karapetyanın lideri olduğu "Güclü Ermənistan" Partiyası hakim “Mülki Müqavilə” Partiyası ilə rəqabət apara biləcək gücdədir. Bu səbəbdən Erməni Milli Konqresi özünü Karapetyanın partiyasına calamaq istəyir. Ancaq Karapetyan bu haqda hələ qərar veriməyib. Böyük ehtimalla Samvel Karapetyan daha geniş müxalifət koalisiyasının yaradılmasının tərəfdarıdır. Bu koalisiyaya Daşnaksütun Partiyası, keçmiş Prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın partiyalarının daxil olması mümkündür”.
Bununla belə politoloq hesab edir ki, bu qüvvələrin liderləri arasında illərdir fikir ayrılıqları mövcuddur. O, vurğulayır ki, əslində müxalifətin bir torbada toplanması Baş nazir Nikol Paşinyanın maraqlarına xidmət edir: “O, haqlı olaraq bu koalisiyanı “müharibə partiyası” adlandıracaq və müxalifətin hakimiyyətə gələcəyi halda bölgədə yeni müharibənin başlayacağı təbliğatını aparacaq. Bu halda erməni seçiciləri seçim qarşısında qalacaqlar: ya Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq, ya da müharibə və Ermənistanın yeni və daha ağır itkiləri ilə üzləşmək”.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.