AZ

WSJ: İranın cavabı Tramp administrasiyası üçün gözlənilməz oldu

İrana qarşı hərbi əməliyyatın başlanmasından sonra Tehranın cavab addımlarının miqyası və intensivliyi ABŞ rəhbərliyi üçün gözləniləndən daha böyük olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti ABŞ administriyasındakı müzakirələrlə tanış mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, Ağ Evdə hesab edilirdi ki, İranın hərbi infrastrukturu və strateji obyektlərinə endirilən zərbələr Tehranın qüvvələrini qısa müddətdə dezorganizə edəcək və İranın reaksiyası məhdud olacaq. Lakin hadisələrin inkişafı gözlənildiyindən daha mürəkkəb olub.

Mənbələrin sözlərinə görə, Trampın bəzi müşavirləri ABŞ və müttəfiqlərinin genişmiqyaslı hərbi kampaniyasının İranı tezliklə müqaviməti zəiflətməyə və hətta danışıqlara getməyə məcbur edəcəyini düşünürdülər. Bunun əksinə olaraq, Tehran cavab zərbələrini davam etdirib və uzunmüddətli qarşıdurmaya hazır olduğunu nümayiş etdirib.

Administrasiya daxilindəki müzakirələrlə tanış şəxslərin sözlərinə görə, prezidentin bəzi köməkçiləri İran rəhbərliyinin hərbi kampaniyanın intensivliyinə baxmayaraq geri çəkilməməsinin onlar üçün gözlənilməz olduğunu etiraf edirlər.

Eyni zamanda regionda münaqişənin genişlənməsi də vəziyyəti daha da mürəkkəbləşdirir. İran ABŞ və onun müttəfiqlərinin zərbələrinə cavab olaraq Yaxın Şərqdə Amerika hərbi mövcudluğu ilə əlaqəli hədəflərə hücumlar edib və dünya neft ticarəti üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçiliyə təhdidlər səsləndirib.

Bu addımlar münaqişənin daha da eskalasiya edə biləcəyi və onun iqtisadi nəticələrinin ağır ola biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Nəşr yazır ki, ABŞ administrasiyası daxilində də münaqişənin gələcək strategiyası barədə müzakirələr güclənir. Mənbələrə görə, bəzi müşavirlər qapalı söhbətlərdə gərginliyin azaldılması yollarını və mümkün siyasi “çıxış ssenarisini” nəzərdən keçirməyə çağırırlar. Onlar hesab edirlər ki, uzanan müharibə ABŞ üçün iqtisadi xərclərin artmasına və ölkə daxilində ictimai dəstəyin azalmasına səbəb ola bilər.

Analitiklərin fikrincə, hadisələrin inkişafı göstərir ki, münaqişənin gələcək gedişi ətrafında böyük qeyri-müəyyənlik qalmaqdadır. Vaşinqtonun əməliyyatın əvvəlində tez nəticələr əldə olunacağı barədə bəyanatlarına baxmayaraq, İranın davam edən cavab addımları qarşıdurmanın gözlənildiyindən daha uzun və mürəkkəb ola biləcəyini göstərir.

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr