ain.az, Azpolitika.az saytına istinadən bildirir.
Artıq bir həftədən çoxdur ki, Moskva sakinləri mobil rabitə və internetlə bağlı genişmiqyaslı problemlərdən şikayət edirlər. Əvvəlcə paytaxtın Cənub inzibati dairəsində yaşayanlar əlaqənin kəsilməsi barədə məlumat verməyə başlayıb, daha sonra eyni problemlər Mərkəzi inzibati dairədə qeydə alınıb. Hazırda isə internetlə bağlı çətinliklərin şəhərin bütün 12 inzibati dairəsində olduğu bildirilir.
Bəzi rayonlarda hakimiyyət yalnız mobil interneti deyil, həm də ev şəbəkələrini və mobil rabitəni bloklayır.
Moskvalıların sözlərinə görə, bəzi ərazilərdə telefonlar ümumiyyətlə şəbəkəni itirir və “yalnız təcili zənglər” rejiminə keçir.
Moskvalı dizayner Alina yerli mediaya bildirib ki, internetin kəsilməsi onun işinə ciddi zərbə vurub: “Mən Sokolniki rayonunda yaşayıram və ümumiyyətlə şəbəkə yoxdur. Telefonum “yalnız təcili zənglər” rejiminə keçib. Mən frilans işləyirəm və internet olmadan işləmək mümkün deyil. İki gün müxtəlif yerlərə gedib yaxşı kovorkinq axtardım. Müştəriyə də gecikməyə görə endirim etməli oldum”. Onun sözlərinə görə, əvvəlcə mobil operatorunu dəyişmək qərarına gəlib. “Beeline” operatorundan “Megafon”a keçsə də, vəziyyət dəyişməyib.
“Sonradan məlum oldu ki, problem bütün əsas operatorlarda var – MTS, “Beeline”, “Megafon” və “Tele2”-də. Yəni məsələ operatorda deyil, coğrafiyadadır”, – deyə Alina bildirib.
Moskvalıların sözlərinə görə, martın əvvəlində hakimiyyət müəyyən internet resurslarına çıxışı təmin edən “ağ siyahı” sistemi tətbiq etmişdi. Bu siyahıya dövlət xidmətləri portalı, sosial şəbəkələr və bilet satış saytları daxil idi. Lakin martın 7-dən etibarən həmin resurslara da giriş demək olar ki, mümkün deyil.
Ofis işçisi Dmitri deyir ki, internetə çıxış yalnız bəzi metro qatarlarında qısa müddətlik mümkün olur:
“Metroya düşəndə bəzən messencerlərdə mesajlar gəlir. Amma stansiyaya çıxan kimi yenə bloklanır. Maraqlıdır ki, şəhərin mərkəzinə yaxınlaşdıqca vəziyyət daha da pis olur”.
Məhdudiyyətlərin təsiri dövlət qurumlarında da hiss olunur. Rusiya Dövlət Dumasının informasiya siyasəti komitəsi sədrinin müavini Andrey Svintsov bildirib ki, parlamentdə mobil rabitə və internet demək olar ki, işləmir. Onun sözlərinə görə, deputatlar bir-biri ilə əlaqə saxlamaq üçün sadəcə otaqdan-otağa gedərək danışırlar:
Deputat əlavə edib ki, yaxın 2–3 həftə ərzində internet üçün “ağ siyahı” genişləndirilə bilər. Onun sözlərinə görə, bu siyahıya bank tətbiqləri, marketpleyslər və elektron poçt xidmətləri də daxil ediləcək.
Svintsov həmçinin bildirib ki, 3–6 ay ərzində Rusiya nəzarət orqanları VPN trafikini tam bloklamaq imkanına malik olacaq. Onun sözlərinə görə, bu məhdudiyyətlər messencerlərə də təsir edə bilər.
Kreml sözçüsü Dmitri Peskov isə internet və rabitə məhdudiyyətlərinin qanuna uyğun həyata keçirildiyini bildirib. “Bütün məhdudiyyətlər qüvvədə olan qanunvericiliyə uyğun tətbiq edilir və bu barədə məlumat əvvəlcədən açıqlanıb. Bu tədbirlər əsasən təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır”, – deyə o qeyd edib.
Peskov əlavə edib ki, Prezident Administrasiyası rabitə problemləri zamanı stasionar telefonlardan istifadə edir.
İnternetin kəsilməsi paytaxt biznesinə də ciddi təsir göstərib. Kafedə çalışan sahibkar Svetlana bildirir ki, mobil internet olmadığı üçün ödəniş sistemləri demək olar ki, işləmir.
“Komersant” qəzetinin məlumatına görə, məhdudiyyətlər səbəbindən Moskva biznesinin ümumi zərəri cəmi beş gün ərzində 3–5 milyard rubl təşkil edib.
Rusiyanın regionlarında yaşayanlar isə paytaxt sakinlərinin şikayətlərinə o qədər də təəccüblənmirlər. Onların sözlərinə görə, internet məhdudiyyətləri artıq bir ildən çoxdur ki, müxtəlif bölgələrdə tətbiq olunur.
2026-cı il fevralın 20-də Vladimir Putin rabitə operatorlarını Federal Təhlükəsizlik Xidmətinin tələbi ilə xidmətlərin göstərilməsini dayandırmağa məcbur edən qanunu imzalayıb. Eyni zamanda, hakimiyyət operatorları belə hallarda abonentlər qarşısında məsuliyyətdən azad edib. Yəni xidmətlərin dayandırılması xüsusi xidmət orqanlarının tələbi ilə həyata keçirilərsə, operatorlar müştərilərə qarşı cavabdeh olmayacaq. Qanun fevralın 17-də Rusiya Dövlət Duması tərəfindən qəbul edilib, ertəsi gün isə Federasiya Şurası tərəfindən təsdiqlənib.
Fevralın 24-də Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında çıxış edərək artan “terror təhlükələri” fonunda enerji və nəqliyyat infrastrukturlarının, eləcə də insanların kütləvi toplaşdığı yerlərin “antiterror mühafizəsinin” gücləndirilməsinin vacibliyini bildirib.
Bu arada, martın 13-də Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə növbəti operativ müşavirə keçirib. Müşavirədə “kritik əhəmiyyətli infrastrukturun qorunması” məsələsi müzakirə olunub. Bəzi ekspertlər bu müzakirəni martın 10-da Bryansk vilayətində yerləşən “Kremniy El” hərbi müəssisəsinə edilən raket hücumu ilə əlaqələndirirlər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı həmin hücumun hədəfinin Rusiya raketləri üçün idarəetmə sistemlərinin istehsalı olduğunu bildirib. Zərbənin Böyük Britaniyada istehsal olunan “Storm Shadow” raketləri ilə endirildiyi qeyd olunur.
Rasim Əliyev
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.