ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko Macarıstanın Baş naziri Viktor Orban ilə bağlı sosial şəbəkədə paylaşım edib və onu “dayanıb, keçmişi xatırlamağa” çağırıb.
Yuşşenko “Facebook” səhifəsində Orbanla arxiv fotosunu paylaşaraq bildirib ki, vaxtilə onu “ləyaqətin qiymətini bilən və imperiya əsarətindən qurtuluşun nə demək olduğunu anlayan lider” kimi tanıyıb. Keçmiş Prezidentin sözlərinə görə, indi isə Orbanın “qonşu ölkənin azadlığını məhv etmək istəyən qüvvələrlə oyun oynadığını” görür.
Buna cavab olaraq Orban Yuşşenkonu “köhnə dostu” adlandırıb və bildirib ki, Macarıstan “azadlıq uğrunda mübarizə aparan xalqdır”. O, Ukrayna Prezidenti Volodimir Zelenskiyə mesaj göndərib: “Zəhmət olmasa, prezidentinizi xəbərdar edin: macarların azadlığına toxunmasın. Onu inandırın ki, nə ölkəmi, nə də onun rəhbərlərini şantaj etməsin və hədələməsin. Macarlar azad xalqdır. Sizin azadlıq uğrunda mübarizəniz bizə şantaj etmək və ya şərt diktə etmək hüququ vermir. Prezidentinizə izah edin ki, onun Almaniyanın “Nord Stream” qaz kəmərini partlatmaqla həyata keçirdiyi dövlət terrorizmi Macarıstana qarşı işləməyəcək”.
Macarıstanın Baş naziri xatırladıb ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Macarıstan ukraynalı qaçqınları qəbul edib, onlara sığınacaq, qida və təhlükəsizlik təmin edib. Onun sözlərinə görə, Macarıstanda ukraynalı uşaqlar üçün ukraynadilli məktəblərin açılması barədə göstəriş verilib, halbuki “Zakarpatyada yaşayan macarlara belə imkan verilmir”.
Orban Rusiya ilə münasibətlərə də toxunaraq Ukraynadakı müharibəni “qardaş qırğını” adlandırıb.
“Tanrıya şükür edirəm ki, hazırda döyüşdüyünüz ölkə Macarıstanın və macar xalqının düşməni deyil və biz bunu dəyişmək niyyətində deyilik. Biz sizin dostunuz olaraq qalmaq istəyirik, lakin müharibənizdə iştirak etməyəcəyik. Buna görə də qəbul edin ki, biz sizin müharibənizə nə pul, nə silah, nə də əsgər göndəririk”, – deyə o vurğulayıb.
Baş nazir əlavə edib ki, Ukrayna ilə Macarıstan arasında əvvəlki dostluq ruhunun yenidən bərpa olunmasını arzulayır və müharibənin Ukrayna dövlətinin taleyüklü zəifləməsi ilə nəticələnməməsinə ümid edir.
Sonda Orban Yuşşenkoya müraciət edərək bildirib ki, əgər nə vaxtsa hansısa xarici dövlət onun və ya ailəsinin təhlükəsizliyinə təhdid yaratsa, sabiq Prezident Macarıstana güvənə bilər və onlar üçün “həmişə təhlükəsiz yer tapılacaq”.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.