AZ

Bu dərdin əlindən hara qaçım mən...



Paşa Talıblı — 65

Əziz oxucular, bu il “80-cilər” ədəbi nəslinin istedadlı nümayəndələrindən olan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, hal-hazırda qeriblikdə yaşayan şair Paşa Talıblının yubiley ilidir — 65 yaşı tamam olur.

Xatırladaq ki, Paşa Talıblı (Talıblı Paşa Ziyəddin oğlu) 13 mart 1961-ci ildə Borçalının Bolinisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Ali təhsilini Bakı Dövlət Universitetində alıb.
Yaradıcılığa məktəb illərindən başlayan yubilyarımız uzun illərdir ki, Rusiyanın Volqoqrad şəhərində yaşamasına baxmayaraq bu gün də müntəzəm olaraq ölkə mətbuatında şeirləri ilə çıxış edir.

Hörmətli şairimizi 65 ilik yubileyi münasibətilə təbrik edib, şeirlərindən bir neçəsini sizlərə teqdim edirik.

Emil Rasimoğlu, AYB üzvü, şair-publisist

*************************************************

Tapdadı içimi atlı qarışqa,
tapmadı içimi adlı qarışqa —
Qağayı burnutək duzlaşıb içim...

Göylərə yaraşır elə göy adı...
Mənim şeirlərim elegiyadı,
mənim şeirlərim başsağlığıdı.

Öldü, sevə-sevə barama qurdu —
bəxtəvər başına, barama qurdu,
bəxtəvər başına — hazır evin var.

Göynədir kafamı buz kimi sürgün...
Adsız şairləri qabaqda bir gün
atsız yəhərlərin günü gözləyir.

*
"...Nəfəs var,
çox şükür, çox şükür!"

(O.Vəli)

And olsun, and olsun, qardaş,
gülə-çiçəyə and olsun!
...And olsun şair deyiləm,
bəxtə, gerçəyə and olsun!

...And olsun vaxtın darına,
ağaca, onun barına.
...Ötən durna qatarına,
qurda, böcəyə and olsun!

...And olsun işığa, şama!
Şair deyiləm... oxşama!
...Dünənki saleh axşama,
gələn gecəyə and olsun!

...Eh kimsə deyir, deyirəm —
eləcə şeir deyirəm!
...And olsun şair deyiləm,
Haqqa - ucaya and olsun!

*
... gecənin əli yox, ayağı yoxdu,
canıma yapışmış yosundu gecə.
... Sevmək var gecənin birində hələ,
hələ dərd çəkməyə uzundu gecə.

Uzun gecələrdə mən kiməm, axı —
nə elə çaparam əməlli-başlı,
nə elə minməyə atım da yoxdu...
... Hardasa üstümdə Tanrı kölgəsi,
hardasa öz kölgəm altımda yoxdu.

... Gecələr özümə qayıtmaq çətin,
gecələr özümdən qaçıram... olmur.
Gündüz dərdləridi gecə dərdləri,
Gündüzlər çəkməyə macalım olmur.

Gecələr yatıram üzü dərdimə,
özümü dərdimə bükürəm, qardaş!
Gündüzlər çəkməyə həvəsim olmur,
mən dərdi gecələr çəkirəm, qardaş,
mən harda gizlənim bu gecələrdən?..

... Bu dərdin əlindən hara qaçım mən,
bəlkə qaçım burdan orda gizlənim?
Mən harda gizlənim bu gecələrdən,
mən özüm-özümdən harda gizlənim?..

... Şeir yazmaq günahmı? Günahlarımı
sağımda-solumda mələklər yazır.
... Başımın üstündə dar ağacıdı,
altında həmişə ölümüm hazır.
Mən harda gizlənim bu gecələrdən?!

*
(Vaqif Səmədoğlunun "Mən burdayam, İlahi" kitabına)

... yox sonuncu dayanacaq
Vaqifin son kitabında.
... son külək hələ qalxmayıb
Vaqifin son kitabında.

... şerlər düşmə yuxudu,
göylər yağışa toxudu.
... bu gecə rahat oxudum
Vaqifin son kitabını.

... bir qanadsız daş görmədim,
bir hücrəni boş görmədim.
Şairin son kitabında
Vaqifi sərxoş görmədim!

Hələ rəngsizdi ölkəsi...
... şahə qalxar boz ürgəsi.
— durur zeytunun kölgəsi
Vaqifin son kitabında!

... Məhəmməd, İsa, Buddayam!
... torpaqda, suda oddayam.
Mən də İlahi, burdayam
—Vaqifin son kitabında!

Paşa Talıblı

Seçilən
14
baki-xeber.com

1Mənbələr