Almaniya kansleri Fridrix Mertz ABŞ administrasiyasının Rusiya neftinə qarşı bəzi sanksiyaları müvəqqəti olaraq yumşaltmaq qərarını kəskin şəkildə tənqid edib. Mertz, Vaşinqtonun bu addımının səhv olduğuna inandıqlarını söyləyib.
ABŞ Maliyyə Nazirliyi tərəfindən 12 martda verilən ümumi lisenziya, 12 martdan əvvəl tankerlərə yüklənmiş Rusiya nefti və neft məhsullarının 11 aprelə qədər satışına müvəqqəti olaraq icazə verir.
Qərarın İran ətrafındakı gərginlik səbəbindən Hörmüz boğazında tanker daşınmasında yaranan fasilələr səbəbindən artan neft qiymətlərini sabitləşdirmək məqsədi daşıdığı bildirilir. Mertz həmçinin Ağ Evin bu addımın arxasında öz maraqlarının ola biləcəyinə də işarə edib.
Britaniyanın energetika naziri Maykl Şenks isə Yaxın Şərqdəki hadisələrə və Hörmüz boğazının faktiki bağlanmasına baxmayaraq, Rusiya neftinə qarşı sanksiyaların qüvvədə qalacağını bildirib. Şenks Rusiyanın "kölgə donanması" adlandırılan tankerlərə qarşı mübarizənin davam edəcəyini bildirib.
Rusiya Prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RFPI) rəhbəri Kirill Dmitriyev bildirib ki, ABŞ-ın Rusiya neftinin tranzitinə qoyulan məhdudiyyətləri müvəqqəti olaraq ləğv etmək qərarı təxminən 100 milyon barel neftə təsir edəcək. “Fox News” isə yazır ki, hazırda dənizdə təxminən 124 milyon barel Rusiya nefti var.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Amerika administrasiyasının bu addımı Moskva ilə Vaşinqton arasında maraqların müvəqqəti üst-üstə düşməsinin nəticəsidir. Lakin Peskov ABŞ-ın ümumiyyətlə Rusiyaya qarşı neft sanksiyalarını ləğv etməyi planlaşdırmadığını göstərən açıqlamaların olduğunu da vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın tankerlərə yüklənmiş Rusiya neftinə qarşı sanksiyaları 30 gün müddətinə yumşaltmaq qərarı Asiyada yeni alıcıların meydana çıxmasına səbəb olub.
“Reuters”in məlumatına görə, Yaponiya, Tayland və Filippin Rusiya neftinin alınması imkanlarını dəyərləndirməyə başlayıblar. Yaponiya hökuməti məsələnin beynəlxalq şərtlər və ölkənin enerji ehtiyacları nəzərə alınmaqla araşdırıldığını, Tayland Energetika Nazirliyi isə alış-veriş üçün hazırlıqların başladığını açıqlayıb.
Filippin Xarici İşlər Nazirliyi də Rusiyadan neft idxalının nəzərdən keçirildiyini təsdiqləyibi. Vaşinqtonun bu addımı, bəzi Avropa müttəfiqlərinin etirazlarına baxmayaraq, qlobal enerji bazarında tarazlığı dəyişdirə biləcək bir inkişaf kimi dəyərləndirilir.
Tahir TAĞIYEV