AZ

Qlobal böhranlar fonunda Bakıdan dünyaya verilən mesaj

 “Dünya mürəkkəb və ziddiyyətli bir dövr yaşayır. Müharibələr, geosiyasi qarşıdurmalar, humanitar fəlakətlər və dərin siyasi parçalanmalar beynəlxalq münasibətlər sistemini sarsıdır. Münaqişə ocaqları genişlənir, beynəlxalq hüququn prinsipləri tez-tez sınağa çəkilir, qlobal təhlükəsizlik arxitekturası isə getdikcə daha kövrək hala gəlir. Belə bir vaxtda dialoq, əməkdaşlıq və qarşılıqlı etimad platformalarının əhəmiyyəti daha da artır.
Məhz bu baxımdan paytaxt Bakıda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu ilə təşkil olunan XIII Qlobal Bakı Forumu təkcə region üçün deyil, bütün dünya üçün mühüm siyasi hadisəyə çevrilir. Forum artıq illərdir qlobal problemlərin müzakirə olunduğu, müxtəlif siyasi baxışların dialoq müstəvisində bir araya gətirildiyi nüfuzlu beynəlxalq platforma kimi tanınır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Dünyanın parçalandığı vaxtda dialoq platforması

Deputat bildirib ki, bu gün dünyada təhlükəsizlik, sabitlik və sülh məsələləri hər zamankından daha aktualdır: “Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev  də bu reallığa diqqət çəkərək vurğulayıb ki, hazırkı şəraitdə təhlükəsizlik və sabitlik hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır.

Prezidentin sözləri ilə desək, təhlükəsizlik və sabitlik olmadan digər inkişaf məsələlərinin heç biri real məna kəsb etmir. Çünki illər boyu inkişaf üçün çalışan dövlətlər belə bu gün ciddi geosiyasi risklərlə üz-üzədirlər.

Bu baxımdan Bakı Forumu sadəcə siyasi müzakirə meydanı deyil, həm də qlobal problemlərin həlli üçün yeni ideyaların, təşəbbüslərin və əməkdaşlıq modellərinin formalaşdırıldığı strateji platformadır”.

Azərbaycanın sülh təcrübəsi – dünya üçün nümunə

O əlavə edib ki, Forumda səsləndirilən əsas mesajlardan biri də Azərbaycanın sülh siyasəti və regional sabitliyə verdiyi töhfədir: “Azərbaycan müasir tarixdə nadir təcrübəyə malik ölkələrdən biridir.

Ölkə uzun illər işğala məruz qaldıqdan sonra öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi və bundan sonra regionda sülh gündəliyini irəli sürdü. Bu gün Azərbaycanla Ermənistan arasında formalaşan yeni reallıq artıq münaqişə mərhələsinin arxada qaldığını göstərir.
Prezident İlham Əliyev də çıxışında xüsusi vurğulayıb ki, sülh yalnız sənədlərdə deyil, real həyatda özünü göstərməlidir. Bu gün sərhəddə sabitliyin hökm sürməsi, atəşkəs pozuntularının olmaması və qarşılıqlı əlaqələrin bərpası bunun bariz nümunəsidir.

Azərbaycanın Ermənistanla ticarəti bərpa etməsi, humanitar və iqtisadi addımlar atması isə ölkəmizin uzunmüddətli və davamlı sülhə sadiqliyinin göstəricisidir.

Azərbaycanın sülhsevər siyasəti

Azərbaycanın xarici siyasətinin ana xətti sülh, əməkdaşlıq və qarşılıqlı faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Ölkəmiz beynəlxalq münasibətlərdə qarşıdurma deyil, dialoq tərəfdarı kimi çıxış edir.

Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı və praqmatik xarici siyasət nəticəsində Azərbaycan regionda sabitlik və təhlükəsizlik adasına çevrilməkdədir. Dünyanın müxtəlif bölgələrində münaqişələr və böhranlar davam etdiyi halda, Azərbaycan beynəlxalq əməkdaşlıq üçün etibarlı platforma rolunu oynayır.

Bu gün Bakı yalnız regional deyil, həm də qlobal dialoq mərkəzinə çevrilib. Burada keçirilən beynəlxalq forumlar, siyasi və iqtisadi sammitlər müxtəlif ölkələr və mədəniyyətlər arasında körpü rolunu oynayır”.

Qlobal problemlərin müzakirə olunduğu mühüm platforma

Deputat qeyd edib ki, XIII Qlobal Bakı Forumunun gündəliyi də məhz bu reallıqları əks etdirir: “Forum çərçivəsində qlobal təhlükəsizlik, beynəlxalq hüquqa hörmət, çoxtərəflilik böhranı, dayanıqlı inkişaf, enerji təhlükəsizliyi və yeni texnoloji çağırışlar kimi məsələlər geniş müzakirə olunur.

Sessiyalar dünya siyasətində formalaşan yeni güc balansını, enerji asılılığını, iqtisadi təzyiq mexanizmlərini, strateji təchizat marşrutlarını və rəqəmsal təhlükəsizlik kimi məsələləri əhatə edir. Bu müzakirələr qlobal problemlərin daha dərindən anlaşılmasına və onların həlli üçün ortaq yanaşmaların formalaşdırılmasına xidmət edir.

Bakıdan dünyaya verilən mesaj

Bugünkü mürəkkəb və ziddiyyətli beynəlxalq şəraitdə Bakıdan verilən əsas mesaj aydındır: dünya qarşıdurma yolu ilə deyil, dialoq və əməkdaşlıq yolu ilə inkişaf edə bilər.
Azərbaycanın təşəbbüsü ilə keçirilən Qlobal Bakı Forumu bu ideyanın real platformaya çevrildiyini göstərir. Burada səslənən fikirlər, irəli sürülən təşəbbüslər və qurulan yeni əlaqələr qlobal təhlükəsizliyə və əməkdaşlığa töhfə verir.

Dünya böhranlarla sarsıldığı bir dövrdə Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabitlik, etimad və dialoq məkanına çevrilir.

Bu isə təkcə region üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edən strateji reallıqdır”.

 Mürtəza

Seçilən
36
2
olke.az

3Mənbələr