Müasir dünya nizamının ciddi geosiyasi sınaqlardan keçdiyi bir dövrdə Bakı növbəti dəfə qlobal dialoqun mərkəzinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu fərqli qütblər arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün nüfuzlu dövlət xadimlərini və beyin mərkəzlərini bir araya gətirir. Bu mötəbər platforma Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi intellektual töhfənin bariz nümunəsidir.
Qeyd edək ki, öz əhəmiyyətinə görə “İntellektual Davos” və ya “İntellektual Münxen” adlandıra biləcəyimiz Qlobal Bakı forumlarının tarixi 13 il əvvələ gedib çıxır. Elə ilk forumun keçirildiyi 2013-cü ildən bu beynəlxalq tədbir fəaliyyətdə olan və sabiq dövlət rəhbərlərini, Nobel mükafatçılarını və nüfuzlu beyin mərkəzlərini birləşdirən qlobal platform kimi özünü təsdiq etməyə başlamışdır. Platformanın əsas məqsədi dünyanı narahat edən qlobal böhranlara (müharibələr, iqlim dəyişikliyi, iqtisadi qeyri-sabitlik və s.) qarşı açıq dialoq vasitəsilə həll yolları axtarmaqdan ibarətdir. Ölkəmizin vacib “yumşaq güc” aləti kimi baxdığı və rəsmi protokollardan uzaq, daha səmimi və cəsarətli müzakirələrə imkan yaradan bu forum Azərbaycanı regionun dialoq və sülh mərkəzi kimi dünyaya tanıdır. Eyni zamanda, forumlar zamanı səsləndirilən fikirlər və təkliflər BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların gələcək siyasətlərinə təsir etmək gücünə malikdir.
Bu baxımdan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunun müzakirə üçün seçildiyi XIII Qlobal Bakı Forumunda əsas məram parçalanmış qütblər arasında ortaq məxrəcin tapmılmasından, dialoq körpülərinin qurulmasından ibarətdir. Başqa sözlə, Forumun builki əsas hədəfi keçid dövrünün doğurduğu qlobal qeyri-müəyyənlikləri dialoq vasitəsilə tənzimləməkdir. Bakıdan yayılan bu sülh və əməkdaşlıq mesajları dünya siyasətinin gələcək memarlığında mühüm rol oynayacaqdır. Azərbaycan bu forumla növbəti dəfə özünü dünyanın strateji fikir mərkəzlərindən kimi təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyev bütövlükdə platformanı çox uğurlu və yüksək qiymətləndirir: “Deyərdim ki, qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir: iştirakçıların – prezidentlərin, baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir. Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar, qeyd etdiyim kimi, xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər”.
Forumlarda Prezident İlham Əliyev ənənəvi olaraq iştirak və açılış nitqi ilə çıxış edir və hər dəfə dövlət başçımızın çıxışı sonrakı müzakirələrin mahiyyətinə istiqamətverici təsir göstərir. Azərbaycan liderinin martın 12-də XIII Qlobal Bakı Forumunun açılış mərasimində söylədiyi nitq də bu baxımdan əlamətdar oldu. Bu baxımdan dövlət başçımızın – “Forum bir çox məsələləri əhatə edir, lakin əminəm ki, müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönələcək. Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır”, – fikirləri lakonik şəkildə jəm bu çıxışında, həm də cəmi bir gün əvvəl Aİ Şurasının Prezidenti Antonio Koşta ilə birlikdə mətbuat qarşısında da səsləndirdiyi “Sülhdən yaxşı heç nə ola bilməz” fikrinin geniş izahı idi.
Ümumiyyətlə, bəri başdan qeyd edək ki, Prezident İlham Əliyevin çıxışı həm analitik dərinliyi, həm də strateji mesajları baxımından Azərbaycanın xarici siyasətinin “Yeni dövr” manifestu kimi qiymətləndirilə bilər. Çıxışın əsas ruhu – “Hərbi zəfərdən diplomatik sülhə və qlobal tərəfdaşlığa keçid” mahiyyətində idi. Prezidentin çıxışında ən diqqətçəkən məqam Azərbaycan-Ermənistan sülh prosesinin sürəti və formatı ilə bağlı idi. Dövlət başçısı keçmiş Qarabağ münaqişəsinin 30 illik tarixi ərzində ATƏT-in bədnam Minsk Qrupunun vasitəçilik missiyasını “fəlakət” adlandıraraq, xarici güclərin münaqişəni dondurmağa çalışdığını növbəti dəfə tənqid edir. Bütün vasitəçilik səylərindən imtina edilərək ikitərəfli formatda danışıqlarda əldə edilən sülhü təşviq edərək, bu təcrübənin hazırda davam edən münaqişələrin həllində nəzərə alınmasını məqbul hesab edir.
Azərbaycan lideri Azərbaycanın öz dövlət müstəqilliyinin ötən dövrü ərzində beynəlxalq səviyyədə qarşılaşdığı ikili standartlar siyasətinin ağır nəticələri haqqında həqiqətləri bir daha beynəlxalq tribunadan bəyan edərək, hazırda dünyada gedən proseslərə münasibətdə bir növ xatırlatma edir: “Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur”.
“Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub”, – deyən Prezident İlham Əliyev özünü yalnız regional deyil, əslində qlobal sülhün carçısı, təşəbbüskarı və fəal ardıcıl lideri kimi göstərir. Bu baxımdan Azərbaycanla Ermənistan arasında 2020-ci ilin II Qarabağ müharibəsindən və 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatından sonra məhz Azərbaycan dövlətinin təşəbbüsü ilə başlamış sülh prosesini nadir hadisə adlandırır və prosesdə özünün oynadığı müstəsna rolu vurğulamır, əksinə, özünün sülh mərhələsindəki zəhmətini də paylaşır: “2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq”. Halbuki, Azərbaycan liderinin ardıcıl sülh çağırışları fonunda qarşı tərəf gah şimala, gah cənuba, gah da qərbə meyil edərək, bir tərəfdən Zəngəzur dəhlizinin açılmasında üzərinə götürdüyü öhdəliyi möhtərkirlik alətinə çevirir, digər tərəfdən Azərbaycana qarşı təzyiqləri gücləndirməyə çalışaraq, “binokl diplomatiyası”nın genişlənməsinə rəvac verirdi.
Bu baxımdan, həm Azərbaycan, həm də bütövlükdə region xalqları son 5 ildə nümayiş etdirdiyi özünün indiyə qədərki və bundan sonrakı dünyanın müstəsna böyüklük nümunəsi kimi qəbul etdiyi sülh formulunu yenilməz liderinə borçludur: “İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur”.
Artıq bu bir faktdır ki, Cənubi Qafqaz regionunun ən ağır və qanlı münaqişəsi olan 35 illik Ermənistan-Azərbaycan münaqişəsindən sonra bölgəyə sülh gəlmişdir. Azərbaycan dövləti və xalqı, münaqişənin bütün tarixi ərzində qarşılaşdığı unudulmaz ağrı-acıya rəğmən, sülhün ən fəal təşəbbüskarı kimi ardıcıl şəkildə dinc yanaşı yaşamaq əzmini nümayiş etdirir. Ermənistana ölkəmizin ərazisindən keçən müxtəlif istiqamətlər üzrə malların daşınması üçün obyektiv olaraq yaranmış məhdudiyyətlər son 7 ayda aradan qaldırılmış, ticarət bərpa olunaraq, qarşı tərəf üçün taleyüklü əhəmiyyəti olan neft məhsullarının ixracına başlanılmışdır. Azərbaycan Prezidenti ilk dəfə açıq şəkildə dövlətimizin yürütdüyü siyasətin 30 ildən artıq müddətdə xalqımıza qarşı radikal düşmənçilik mövqeyindən çıxış edən və torpaqlarımızın 20 faizindən çoxunu işğal altında saxlayan Ermənistanı belə Orta Dəhliz üzərində mühüm tranzit ölkəyə çevirəcəyini də açıq şəkildə bildirdi. Əlbəttə, bu Azərbaycanın əsas ərazisi ilə onun eksklav muxtar ərazisi – Naxçıvan arasında yerüstü nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması nəticəsində mümkün olacaq, amma istənilən halda bu dövlətimizin Ermənistana qarşı tolerantlığının nəticəsi kimi qəbul edilməlidir: “…Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq”. Bununla, Prezident sülhün üçüncü tərəf olmadan, cəmi iki il ərzində əldə edilməsini (2023-cü ilin sentyabr antiterror əməliyyatı və 2025-ci ilin avqustunda sülh sazişinin paraflanması) dünyaya “nadir təcrübə” və “normallaşmanın görünməmiş sürəti” kimi təqdim edir. Ermənistana neft məhsullarının satışı və tranzit məhdudiyyətlərinin ləğvi Azərbaycanın sülhü sadəcə kağız üzərində deyil, iqtisadi müstəvidə də reallaşdırdığını göstərir.
Bunu da qeyd etmək zəruridir ki, münaqişənin başa çatmasından sonra hələ ki, bu addımlar qalib ölkə olan Azərbaycan tərəfindən birtərəfli şəkildə atılır və bütün bunlar sübut edir ki, ölkəmiz, öz müstəqillik tarixinin bütün dövrü ərzində olduğu kimi, beynəlxalq icmanın ən vicdanlı, ləyaqətli, sülhsevər, xoşməramlı, tolerant və beynəlxalq hüquq normalarına ardıcıl şəkildə ehtiramla yanaşan üzvü kimi hərəkət edir. Çünki istər münaqişə, istərsə də postmünaqişə dövründə Azərbaycan liderinin yürütdüyü regional siyasət beynəlxalq hüquqa, lakin eyni zamanda ciddi iradəyə, qətiyyətə və ədalətə sarsılmaz inama əsaslanır: “İkinci Qarabağ müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk. Bəzən bunu etmək zəruridir, xüsusilə də əmin olduğunuz halda ki, haqlısınız. O zaman sizi əngəlləməyə çalışanları, maraqlarınıza xələl gətirmək istəyənləri nəzərə almamalısınız. Həmçinin hesab edirəm ki, bu, müharibə aparanlarla paylaşa biləcəyimiz daha bir təcrübədir”. Prezident İlham Əliyev bu sözlərlə beynəlxalq münasibətlər sisteminə çox real və cəsarətli bir mesaj verir: əgər beynəlxalq hüquq və qətnamələr (BMT TŞ-nin 4 qətnaməsi kimi) kağız üzərində qalırsa, ədaləti bərpa etmək üçün gücdən istifadə qaçılmaz və qanunidir (BMT Nizamnaməsinin 51-ci maddəsi). Eyni zamanda, dünyadakı ikili standartlara toxunaraq, Azərbaycanın öz gücü ilə yaratdığı reallığın digər münaqişələr üçün də bir dərs olduğunu vurğulayır.
Azərbaycan lideri ölkəmizin qlobal enerji təhlükəsizliyində vacib istiqamət olan enerji diplomatiyasına da toxunaraq, dövlətimizin etibarlı tərəfdaş olduğunu bildirir. Azərbaycan artıq özünü sadəcə qaz ixracatçısı kimi deyil, qlobal bazarın tənzimləyicisi kimi təqdim edir. OPEC+ frmatının üzvü kimi neft qiymətlərinin kəskin artımının istehsalçılar üçün də riskli olduğunu (investisiya fondlarının itkisi vasitəsilə) iqtisadi dildə aydın izah edərək, Azərbaycanın “məsuliyyətli tərəfdaş” imicini daha da möhkəmləndirir. Bu baxımdan, ölkəmizdən təbii qaz alan ölkələrin sayının bir ildə 12-dən 16-ya yüksəlməsi Azərbaycanın Avropanın enerji xəritəsindəki həlledici rolunun statistik sübutudur.
Nəhayət Prezident forumun artıq qlobal miqyasda aparıcı platforma olduğunu vurğulamaqla, Azərbaycanın həm də bir “ideya ixracatçısı” olduğunu nümayiş etdirir. COP29-un uğuruna və qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumuna toxunmaqla, ölkənin qlobal gündəmi müəyyən etmək ambisiyasını və qabiliyyətini ortaya qoyur. Bununla da, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı aydın şəkildə “Qalib dövlətin sülh strategiyası”nın nəzəri konsepsiyası kimi səslənir. O, beynəlxalq birliyə mesaj verir ki, Azərbaycan problem yaradan və ya artıq problemdən əziyyət çəkən tərəf deyil; Azərbaycan həm hərbi, həm enerji, həm logistik, həm də humanitar baxımdan həll yolları təklif edən qlobal mərkəzdir.
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent