ABŞ prezidenti Donald Tramp Rusiyanın İrana kömək etdiyini iddia edib. Ancaq Tramp Rusiyanın İrana hansı formada kömək etdiyini açıqlamayıb.
Ancaq ABŞ kəşfiyyatı ilə tanış olan rəsmilərin sözlərinə görə, isə Rusiya İrana Amerika hərbi gəmilərini, qırıcı təyyarələrini və bölgədəki digər platformaları hədəf almağa kömək edə biləcək hərbi kəşfiyyat məlumatı verir. “Defense News”un verdiyi məlumata görə, ictimaiyyət qarşısında danışmaq səlahiyyəti olmadığı üçün anonimlik şərti ilə danışan rəsmilər ABŞ kəşfiyyatının Rusiyanın İrana bu məlumatdan necə istifadə edəcəyi barədə birbaşa təlimat verdiyinə dair hələlik heç bir dəlil tapmadığını vurğulayıblar.
Bu hadisə, Rusiyanın ABŞ və İsrailin İrana qarşı başlatdığı münaqişəyə qarışmağa çalışdığının ilk əlaməti kimi qəbul edilir. Rusiya, davam edən nüvə proqramı və Yaxın Şərqdə fəaliyyət göstərən Hizbullah, Həmas və Husilər kimi qruplara dəstəyi səbəbindən uzun müddətdir beynəlxalq təzyiq və sanksiyalarla üz-üzə olan İranla münasibətlərini davam etdirən ölkələrdən biridir.
Lakin ABŞ Rusiyanın bölgədəki ABŞ hədəfləri haqqında İranla kəşfiyyat məlumatı paylaşdığı barədə xəbərləri o qədər də ciddi qəbul etmir. Bununla bağlı jurnalistlərin suallarını cavablandıran Ağ Evin sözçüsü Karolin Livitt deyib ki, bu, İrandakı hərbi əməliyyatlar baxımından heç bir fərq yaratmır, “çünki biz onları tamamilə məhv edirik".
Livit həmçinin Trampın Rusiya Prezidenti Putinlə iddia edilən kəşfiyyat məlumatı paylaşımı və ya Rusiyanın buna görə, problemlərlə üzləşib-üzləşməyəcəyi barədə danışmaqdan imtina edib və bu məsələni prezidentin öhdəsinə buraxıb. ABŞ prezidenti isə son açıqlamasında Rusiyanın İrana kömək etdiyini deyib.
Bundan əlavə, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun sözlərinə görə, Rusiya liderləri İranla kəşfiyyat məlumatı paylaşma iddialarını rədd edirlər.
"Washington Post" qəzetinə verdiyi müsahibədə Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın İrana siyasi dəstəkdən kənar hərbi yardım göstərib-göstərməyəcəyi ilə bağlı suala Tehrandan belə bir tələbin gəlmədiyini deyib: "Biz İran tərəfi ilə, İran rəhbərliyinin nümayəndələri ilə dialoqdayıq və bu dialoqu mütləq davam etdirəcəyik".
Bayden administrasiyası İranın Moskvanı hücum dronları ilə təchiz etdiyini və Kremlə dron istehsalı müəssisəsi qurmağa kömək etdiyini göstərən kəşfiyyat məlumatlarını açıq şəkildə yayımlamışdı. ABŞ-ın əvvəlki administrasiyası həmçinin İranı Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya qısa mənzilli ballistik raketlər ötürməkdə ittiham etmişdi.
Tahir TAĞIYEV