AZ

Azmış dronlar və raketlər – onları kim azdırır?

Hərbi terminologiyada əsasən rusca işlənən bir ifadə var: “Şalnaya pulya”. Bizim dilə “azmış güllə” kimi tərcümə edilir. Bu, çovumuş güllədən (“rikoşet”) fərqlidir. Bərk səthə dəyib çovuyan güllədən fərqli olaraq, azmış güllənin kim tərəfindən hara atıldığı bilinməz, amma gedər, əsl hədəfə yox, başqa birinə dəyər.

Hazırda bölgəmizdə azmış raketlər və dronlar var. Bunlardan üç ballistik raket Türkiyəyə ünvanlanıb, dörd dron isə Azərbaycanın Naxçıvan mahalında aeroporta və kənd məktəbinin yaxınlığına zərbə endirib.

Azmış dronlara və raketlərə yiyə duran, “bizimdir” deyən yoxdur. Hamı “araşdırır”.

Azərbaycan təhbərliyinin bu aktagörə işlətdiyi ağır ifadələr də öz ünvanını axtarır, dronu Azərbaycana kim yönləndirmişdisə, boynunu kənara qaçırır və ya həmin ağır ifadələri boynunun arxasına qəbul edir.

İlk günlər SEPAH-ın hansısa qanadı və ya qanadının lələyi irəli duraraq Naxçıvana dəyən dron zərbələrinin məsuliyyətini öz üzərinə götürmüş, hətta bunu “Azərbaycana xəbərdarlıq” adlandırmışdı. Sonradan həmin mövqe bir daha təsdiqlənmədi.

Prezident Məsud Pezeşkianın Azərbaycanın dövlət rəhbərinə zəng etməsi ilə dəqiqləşdi ki, bu zərbədən İran prezidentinin xəbəri yoxdur.

İndi ortalığı qarışdıran, xəbər və şərh kirliliyi yaradan başqa söhbətlər var. İranı dəstəkləyən yerli və xarici dairələr artıq azmış dronları İsrailin azdırdığını israrla söyləməyə başlayıblar. Guya ki, məqsəd Azərbaycanı İranla müharibəyə sövq etmək olub.

Müasir dünyada bu kimi hiylələrin baş tutması, yalanların ayaq tutub yeriməyə başlaması texniki baxımdan çox çətindir. Şəhər küçələri başdan-başa kameralaşdırıldığı kimi, ölkələrin səması da radiolokasiya sistemləri ilə radarlaşdırılıb, hansı uçan aparatın haradan havalandığı, hansı raketə hansı istiqamətdən start verildiyi RLS-lər tərəfindən təsbit edilir.

Üstəlik, Naxçıvanda aeroportun terminalına çırpılan, Şəkərabad kəndinin məktəbinin həndəvərində yerə düşən dronların İranda istehsal olunan “Araş-2” modelindən olduğu aydınlaşıb. Belə çıxır ki, İsrail bu dronları kopyalayıb, sonra necəsə İran ərazisinə keçirib və oradan Naxçıvana yönləndirib.

Bu, detektiv ssenari kimi görünür, amma bu variantı istisna etmək olarmı? Olmaz. Müasir dünyada heç nəyi istisna etmək olmaz. İstənilən ölkə öz çıxarları naminə “bulanıq suda balıq tutmaq” işinə girişə bilər. Hər dövlətə öz maraqlarının təmin edilməsi daha əfzəldir.

Hələ bir minnət qoyanlar da var: “İran istəsəydi, Azərbaycanın neft-qaz hasilatı və emalı müəssisələrini vurardı”. Sanki İranın belə bir eksklüziv hüquqları varmış və o, bu hüququndan istifadə etməyərək bizə yaxşılıq edib.

Bunun özü irticaçı mövqedir. Heç bir dövlətin ona birbaşa hərbi müdaxilə edən dövləti kənara qoyub, onunla diplomatik münasibətləri, ticari ilişkiləri olan dövlətlə aqressiv davranmaq haqqı yoxdur. Ona qalsa, bu saat istənilən dövlətin onlarla, hətta yüzdən çox dövlətlə hərtərəfli əlaqəsi var: bir-birindən strateji mallar alırlar, verirlər. Bu, o demək olur ki, hərbi münaqişə zamanı o dövlətlərin hamısı vurulmalıdır?

Azərbaycan da elə dövlətlərdən biridir – yüzdən çox ölkə ilə ticarət edir, iqtisadi tərəfdaşlıqla məşğul olur.

“Azərbaycan İsrailə kömək edir” ifadəsi isə hazırda ən çox İranda, qardaş Türkiyədə və qonşu Rusiyada tez-tez təkrar edilir. Bir az araşdıranda məlum olur ki, Türkiyə və Rusiyanın İsraillə ticarət əlaqələri Azərbaycanınkından zəif deyil. Söhbət hərbi müttəfiqlikdən gedirsə, onun şərtləri və aydın konturları, qarşılıqlı öhdəlikləri var. İsrail və Azərbaycan, məşhur trivial ifadə ilə desək, dostdurlar və onların münasibəti üçüncü tərəfə qarşı yönəlməyib.

Türkiyəyə istiqamətlənən azmış raketlərin “start” düyməsini basanlar da sinələrini qabağa verib “biz eləmişik” demirlər. Yenə eyhamlar var: “Türkiyəni müharibəyə çəkmək istəyirlər”; “Türkiyə İsrailə radiolokasiya yardımı edir, ona görə də SEPAH Türkiyəni hədəf ala bilər” və s.

Müasir texnologiyalar və supercihazlarla yanaşı, kəşfiyyat xidmətləri də bu işdən ötrüdür ki, dövlətə təhlükə törədən dairələri təsbit etsin, onların niyyətlərini, planlarını vaxtında, öncədən bilsin, heç olmasa baş vermiş aktın təfərrüatlarını öyrənsin, icraçı və iştirakçılarını müəyyənləşdirsin.

Bu mənada yəqin ki, azmış raketlər və dronlarla bağlı məsələnin məğzi idarəedici dairələrə məlumdur – bunun ictimaiyyətə açıqlanmayan tərəfləri olsa da.

Yəni üçüncü tərəfin şərhçiləri heç kəsin başına corab hörməyə, rəy yönəltməyə qalxmasınlar.

Bir günün içində 4 dronun, 15 günün içində 3 ballistik raketin azması, hər halda, təsadüf deyil, yolunu azmış adamların işidir.

 

Seçilən
57
musavat.com

1Mənbələr