ABŞ və İsrailin İrana hücumu, rəsmi Tehranın isə bu hücuma cavab olaraq Vaşinqtonun Yaxın Şərqdəki hərbi bazalarına və Təl-Əvivə raket hücumları davam edir. Müharibə daha çox bu üçlü arasında getsə də, İranın ətraf ölkələrə də raket və dron hücumları etməsi regionda gərginliyi artırdığı kimi, müharibənin arealının genişlənmə riskini də yüksəldir. Misal üçün, Naxçıvana edilən dron hücumu bunun ilk siqnalı idi. Lakin xoşbəxtlikdən İran prezidenti Məsud Pezeşkianın gec də olsa Bakıya zəng etməsindən sonra bu gərginlik azaldı.
Lakin son günlər vəziyyət yenidən təhlükəli həddə çatıb. Belə ki, İrandan Türkiyəyə üçüncü dəfə ballistik raket hücumu oldu və bunu Türkiyənin Milli Müdafiə Nazirliyi təsdiqlədi. Hücum Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.
Subyektiv yanaşmam belədir ki, hücumlar İranın əsas hərbi güc mərkəzlərindən biri olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən həyata keçirilib. Lakin vəziyyət bir qədər fərqlidir. Belə ki, bu gün heç kim üçün sirr deyil ki, SEPAH daxilində İsrail kəşfiyyatı ilə əlaqəli şəxslər mövcuddur. Qüds Qüvvələrinin sabiq komandanı İsmayıl Qaani xəyanəti buna ən ciddi sübutdur. Qeyd edim ki, İsmayıl Qaani HƏMAS lideri İsmayıl Haniyənin, “Hizbullah” lideri Həsən Nəsrullahın, eləcə də İran ali rəhbəri Əli Xameneinin və İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli generallarının sui-qəsdində əsas rol oynayıb və daha sonra İsrailə qaçıb. Son aylarda İran daxilində aparılan həbslər zamanı bir çox şəxsin MOSSAD üçün işlədiyinin üzə çıxması da bu faktı açıq şəkildə göstərir.
İranın təhlükəsizlik strukturlarında bu səviyyədə sızmaların mövcudluğu fonunda Türkiyə istiqamətinə raket hücumlarının həyata keçirilməsini artıq sadə hərbi qərar olmadı görünür. Çünki Türkiyəyə yönəlmiş hər hansı raket zərbəsi faktiki olaraq təkcə bir dövlətə qarşı hücum deyil. Bu, NATO üzvü olan ölkəyə qarşı hərbi təhdiddir və belə bir addımın nəticələrinin hansı istiqamətdə inkişaf edəcəyini hər kəs çox yaxşı bilir. Əgər bu hücumlar davamlı xarakter alsa, NATO-nun 5-ci maddəsi işə düşəcək.
Aydın məsələdir ki, bu ssenari İran maraqlarına qətiyyən uyğun deyil. Türkiyə də İrana müdaxilədə maraqlı deyil. Hesab edirəm, məhz bu məqam İsrailin uzun illərdir həyata keçirməyə çalışdığı strategiya ilə üst-üstə düşür. Belə ki, Təl-Əviv üçün əsas məqsəd yalnız İranın nüvə proqramının məhdudlaşdırılması və ya Tehrandakı mövcud rejimin zəiflədilməsi deyil. İsrailin strateji hədəfi İranın beynəlxalq koalisiya tərəfindən hərbi müdaxiləyə məruz qalmasıdır. Tarixdə bunun analoqu da mövcuddur. Söhbət 2003-cü ildə ABŞ və müttəfiqlərinin İraqa hərbi müdaxiləsindən gedir. İndiki məqamda belə bir ssenarinin reallaşması üçün isə ən real yol NATO üzvü olan bir dövlətin hücuma məruz qalmasıdır. Türkiyə istiqamətində baş verən raket hadisələri məhz bu kontekstdə qiymətləndirildikdə daha aydın mənzərə ortaya çıxır.
Ankara isə görünür bu mürəkkəb oyunun fərqindədir. Türkiyə rəsmiləri hələlik hadisələrə ehtiyatlı və ölçülü yanaşır. Rəsmi açıqlamalarda Türkiyə ərazisinə yönələn istənilən təhlükənin zərərsizləşdirildiyi bildirilsə də, vəziyyətin diqqətlə izlənildiyi xüsusi vurğulanır. Bu çərçivədə Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Metin Tokelin İran sərhədinə səfər etməsi Tehrana həm xəbərdarlıq, həm də Türkiyənin ciddiyyətinin real göstəricisidir.
Hesab edirəm Ankara üçün vəziyyət olduqca mürəkkəbdir. Türkiyə İsrailin arzuladığı kimi İran əleyhinə geniş hərbi müdaxilə üçün bəhanə formalaşdırmaq istəmir. Lakin eyni zamanda öz ərazisinə yönələn raket və ya hərbi təhdidlərə də səssiz qalması mümkün deyil. Belə bir vəziyyətdə passiv mövqe nümayiş etdirmək Türkiyənin regional çəkisinə ciddi zərbə vura və gələcəkdə digər aktorların da oxşar addımlar atmasına yol aça bilər.
Xüsusilə İsrailin bəzi siyasi dairələrində İran məsələsindən sonra növbəti strateji qarşıdurmanın Türkiyə ilə ola biləcəyi barədə səslənən fikirlər fonunda Ankara üçün hərbi və siyasi mesajların doğru şəkildə verilməsi həyati əhəmiyyət daşıyır. Türkiyə həm regionda müharibənin genişlənməsinin qarşısını almağa çalışır, həm də öz sərhədlərinin və təhlükəsizliyinin qırmızı xətt olduğunu açıq şəkildə göstərməyə məcburdur.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı