Bu gün, martın 14-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin 88 yaşı tamam olur.
Musavat.com bildirir ki, Xalq yazıçısı 1938-ci il martın 14-də Bakıda, xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirən yazıçı Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. O vaxtdan indiyə kimi quruma rəhbərlik edir. 1991-ci ildə Müstəqil Azərbaycanın Milli Məclisini ilk iclasını açmaq aparmaq Anara həvalə olunub. O, 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı olub. Anar Rzayev bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. Azərbaycanın Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1980), Azərbaycanın Xalq yazıçısıdır (1998). 50-dən artıq kitabın müəllifi olan yazıçı Anar həm də tərcümələri ilə seçilən yazıçımızdır. Eyni zamanda bədii, sənədli və televiziya filmlərinə ssenarilər yazıb.
1998-ci il martın 14-də Azərbaycan Prezidenti Xalq yazıçısını 60 illik yubileyi münasibətilə “İstiqlal” ordeni ilə təltif edib. Xalq yazıçısı, “Şöhrət”, “Şərəf” ordenləri, Prezidentin fərdi təqaüdü, Heydər Əliyev Mükafatı, Prezidentin fəxri diplomu, TÜRKSOY-un “Şərəf”, “Üzeyir Hacıbəyli” medalları ilə də təltif edilib. Anar müəllimin və Zemfira xanımın iki övladı var: oğulları Tural Rzayev Azərbaycan Respublikasının Əlcəzair və Tunisdəki fövqəladə və səlahiyyətli səfiridir. Qızları - yazıçı, publisist Günel Anarqızı isə Bakı Kitab Mərkəzinin direktorudur. Övladları ilə yanaşı, nəvəsi də yaradıcılıqla məşğuldur. Xalq yazıçısının 4 nəvəsi var. Ömrünün bu çağında da yorulmadan yaradıcılıqla məşğul olan yazıçı Anarın son günlərdə üç yeni kitabı nəşr olunub.
AYB sədri Musavat.com-a açıqlamasında evində olduğunu, ailə üzvləri ilə bir yerdə doğum gününü qeyd etdiyini bildirib. Dediyinə görə, dünən və bu gün səhərdən çox adamdan doğum günü təbrikləri alıb: “Bu gün bəlkə 50 nəfər zəng edib. Amma təbii ki, təbrik zənglərini qəbul etmək çox xoşdur. Sağ olsunlar”.
1-ci sinifdən 10-cu sinfədək bir yerdə oxuduğu, 1962-ci ilin yanvarında ailə qurduğu Zemfira xanımla “dəmir toy”a hazırlaşdığı barədə yazılanlara “vallah, bilmirəm onu kim çıxardıb”, deyə, gülərək reaksiya verib. İlk təbriki də həyat yoldaşından aldığını deyən yazıçı bu ömrə görə məmnunluğunu ifadə edib.
Bu yaşında gənc nəslə arzusunu ifadə edən Xalq yazıçısı “Gənclikləri uzun olsun”, söyləyib. Son zamanlar onu tənqid edənlərin sayının azalmasına gəldikdə, AYB sədri “yorulublar da, yəqin gördülər təsiri yoxdur”, cavabını verib.
2027-ci ildə keçiriləcək qurultayda sədrliyə yenidən namizəd olmayacağını deyən Xalq yazıçısı özünün varisini müəyyənləşdiribmi? A.Rzayev: “Vallah, mən bu gün heç o barədə fikirləşmirəm”. Onu da vurğulayıb ki, sədrliyə iddialılar nə qədər çox olsa, rəqabətliliyin təmin olunması baxımından bu, daha yaxşı olar.
Yazıçı Anar İranda, Cənubi Azərbaycanda baş verənlərdən narahatlığını da ifadə edib: “Təbii, baş verənlər narahatlıq doğurur”.
Amma etiraf edib ki, nə özü cənubdakı yazarlara zəng edib, nə də ordan ona kimsə telefon açmayıb. Hətta Təbrizdə olan AYB-nin Cənubi Azərbaycan şöbəsinin sədr müavini Həmid Herisçidən də ona zəng gəlməyib.
Xalq yazıçısını təbrik edir, sağlam ömür, yaradıcılıq uğurları arzulayırıq.
Elşad Paşasoy,
Musavat.com