AZ

“İRAN TAM DAĞIDILSA BELƏ, REJİMİ DƏYİŞMƏK ÇƏTİN OLACAQ” “Alternativ ideologiya və siyasi komanda yoxdur”

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ Milli Kəşfiyyat Şurasının məxfi qiymətləndirməsinə görə, İrana qarşı daha genişmiqyaslı hərbi əməliyyatlar belə ölkənin möhkəm dini və hərbi qurumlarını devirmək üçün yetərli deyil. Bu, onun dərin köklü siyasi və ideoloji strukturu ilə bağlıdır.

İranın siyasi və ideoloji sistemi niyə xarici təzyiqlərə qarşı belə davamlı hesab olunur? Xarici müdaxilələr onun rejimini nə qədər zəiflədə bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, əslində burada təəccüblü bir şey yoxdur. Elmi şəkildə sübut olunub ki, hər hansı bir qrupa xarici təzyiq olduqda həmin qrupun daxilindəki ziddiyyətlər arxa plana keçir və qrup üzvlərinin hamısı eyni təhlükə ilə üzləşdiyinə görə ciddi həmrəylik nümayiş etdirirlər.

Onun sözlərinə görə, bu gün faktiki olaraq İranın özündə əhalinin böyük bir hissəsi hakimiyyətdən narazıdır: “Bunu hicab və digər məsələlərlə bağlı baş verən hadisələrdə də görmək mümkün olub. Bəs bu gün nəyə görə hətta mərkəzdənqaçmaya meyilli qüvvələr belə rejimin saxlanmasında maraqlı görünür? Bunun səbəbi İsrail və ABŞ tərəfindən mümkün hücumların İran xalqının hər bir üzvü üçün real təhlükə yaratmasıdır. Bu təhlükəni dəf etmək üçün insanlar şüuraltı şəkildə məcburən birləşirlər. Bu, məsələnin birinci tərəfidir”.

S.Cəlaloğlu bildirib ki, məsələnin ikinci tərəfi İranda ciddi alternativ siyasi qüvvənin olmamasıdır: “Mövcud dini hakimiyyətə real alternativ formalaşmayıb. Belə hallarda tarixən tudəçilər ön plana çıxıblar. Lakin bu gün dünyada sosialist ideologiyasının zəifləməsi səbəbindən İranda tudəçilərin də ciddi təsir imkanları qalmayıb. Eyni zamanda, İran əhalisi arasında tarixi və sosial təcrübəyə görə demokratik və ya liberal dəyərlərin geniş yayılması da kifayət qədər zəifdir. Buna görə də dini ideologiyanı əvəz edə biləcək və əhalinin böyük hissəsi tərəfindən qəbul olunacaq başqa bir ideologiya mövcud deyil. Həmçinin belə bir ideologiyanı həyata keçirməyə qadir güclü siyasi qruplar da formalaşmayıb.

Bu səbəbdən İran tam dağıdılsa belə, orada rejimi dəyişmək çətin olacaq. Çünki alternativ ideologiya və alternativ siyasi komanda yoxdur”.

Oğuz Ayvaz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
azpolitika.info

1Mənbələr