AZ

Regional təhlükəsizlik: Azərbaycan üçün hər zaman bir nömrəli məsələ...

İlham Əliyev: Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik

Qlobal mühitdə təhlükəsizliyə qarşı yaranan təhdidlər günü-gündən artmaqdadır. Dünya son illərdə geosiyasi ziddiyyətlərin daha da kəskinləşdiyi, yeni hərbi-siyasi gündəmlərin ortaya çıxdığı, beynəlxalq münasibətlər sistemində gərginliyin artdığı bir mərhələdən keçir. Müharibələr, terrorizm, hibrid təhdidlər və kiber hücumlar beynəlxalq təhlükəsizliyi zəiflədən amillər kimi ön plana çıxır. Belə bir mühitdə təhlükəsizlik sisteminin qorunub saxlanılması, yeni çağırışlara adekvat mexanizmlərin formalaşdırılması və qlobal həmrəyliyin təmin olunması bəşəriyyətin qarşısında duran əsas vəzifələrdən biridir.

Dünyaya sülh və təhlükəsizlik çağırışları

Azərbaycan hər zaman dünyaya sülh və təhlükəsizlik çağırışları ilə yadda qalıb. Hətta 30 illik işğala məruz qaldığı dövrdə belə ölkəmiz regionun təhlükəsizlik arxitekturasına zərər gətirən bu amili belə sülh yolu ilə aradan qaldırmağa çalışıb. Bu mənada, Azərbaycan dünyaya ədalətli, beynəlxalq hüquqa söykənən, humanist, antoqonizmi inkar edilməsini hədəfləyən, daha çox danışıqlar və müzakirələr yolu ilə həll planlarının müəyyənləşdirilməsini özündə ehtiva edən siyasi yanaşma təqdim edir. Azərbaycan həm sivilizasiyalar, həm siyasi qütblər, həm də iqtisadi güc mərkəzləri arasında dialoqun mümkün olduğunu təlqin edir - uzun illərdir ki, ölkəmizin təşəbbüsü ilə reallaşan Qlobal Bakı Forumu da məhz bu ideyanın təşfiqini aparır. Qyed edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan və “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr edilmiş XIII Qlobal Bakı Forumunun əsas ideya xətti də məhz təhlükəsizlik, sülh və əməkdaşlığın inkişafı kontekstini əhatə edib. Prezident İlham Əliyev tədbirdəki çıxışında bildirib ki, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır: “Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik”.

Məqsədə nail olmaq üçün...

Bakının son 6 ildə yaratdığı siyasi mənzərə özündə mühüm komplonentləri birləşdirir - regional baxımdan Cənubi Qafqazda, ümumən geosiyasi baxımdan Avrasiyada yeni bir nizamın şərtləri və gündəmi müəyyənləşib. Qeyd edildiyi kimi, ölkəmiz təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında sülhün və sabitliyin təmin olunmasına töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diplomatiya, beynəlxalq tərəfdaşlıq platformaları və təhlükəsizlik təşəbbüsləri Azərbaycanın bu sahədə etibarlı tərəfdaş kimi qəbul olunmasına şərait yaradıb. Azərbaycanın həyata keçirdiyi siyasətin yalnız regional deyil, qlobal təhlükəsizlik indeksinin artırılmasına yönəlməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunu və strateji əhəmiyyətini təsdiqləyir. Bakı platforması beynəlxalq miqyasda sülhün qorunması, risklərin azaldılması və gələcək təhlükəsizlik modelinin formalaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir. Dövlət başçısı çıxışında qeyd edib ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. “İşğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik”.

Güclü siyasi iradənin nəticəsi...

Azərbaycan nümunəsində Cənubi Qafqazda artıq müharibə riski aradan qaldırılıb - separatizm məhv edilib. Ən əsası, Ermənistanın destruktiv siyasətdən uzaqlaşması üçün real mexanizm formalaşdırılıb. Azərbaycanın təhlükəsizlik fəlsəfəsi paralel inkişaf trayektoriyasına əsaslanır - biz sülh üçün beynəlxalq hüquq çərçivəsində mübarizəmizi ortaya qoyaraq, həm də digər vasitələri diqqətdə saxlayırıq. 30 illik problemin həllində də məhz bu amil ön plana çıxdı - Azərbaycan öz torpaqlarını iradəsi, hərbi gücü və qətiyyəti sayəsində azad etdi. Hərbi yola əl atılması isə zərurətə çevrildi - beynəlxalq aləmin məsələyə münasibətdə fərqli standartlar tətbiq etməsi, BMT TŞ-nin məlum 4 qətnaməsinin icra edilməməsi, hətta müəyyən anlarda işğalçının stimullaşdırılması Bakını məhz beynəlxalq hüququn tanıdığı imkanlar çərçivəsində ərazilərini azad etməsini şərtləndirdi. Məhz torpaqlarımızın azad edilməsi, suverenliyimizin bərpası növbəti mərhələdə regional təhlükəsizliyin dayanqılığı üçün mümkün addımların ardını gətirdi - burada da qlobal dünya Bakının sülh siyasətini izlədi. Qalib dövlət olmasına baxmayaraq Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi. Və artıq proses mühüm bir mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi: “Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz, qeyd etdiyim kimi, yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur”.

Ermənistan müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq

Sülh isə öz növbəsində yeni perspektivlər, yeni əməkdaşlıqlar və yeni inkişaf mərhələsi deməkdir. Azərbaycanın yürütdüyü siyasətin fəlsəfəsində də məhz bu amillər ön plandadır - bu fəlsəfə iqtisadi əlaqələr sisteminin qurulmasını, enerji davamlılığını və kommunikasiya marşrutlarının şaxələndirilməsini özündə ehtiva edir. İki qitənin qovşağında yerləşən Azərbaycan bölgədə sülhün dayanıqlığını təmin etməklə həm yeni enerji təhlükəsizliyi seqmentində, həm də Orta Dəhliz boyunca yüklərin təhlükəsiz daşınmasında əsas zəmanətçi ölkə kimi çıxış etmək imkanı qazanır. Sülhün və sabitliyin zərurət olduğu coğrafiyada dünyanın güclü aktorları - Avropa İttifaqı, Çin, Türkiyə, Mərkəzi Asiya ölkələri, o cümlədən ABŞ Azərbaycanla əməkdaşlığı prioritet elan edirlər. Çünki bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də təhlükəsizlik baxımından əsaslı mexanizmlər formalaşdırıb. Bu, Azərbaycanın Avrasiyanın “heartland”ı statusunun əsas şərtlərindən biridir: Bakı təkcə coğrafi mərkəz deyil, həm də təhlükəsizlik məntiqinin mərkəzidir. Təhlükəsizlik məntiqi isə öz növbəsində yeni ticari aortanın - Zəngəzur dəhlizinin (TRIPP) reallaşmasını təmin edir. Dövlət başçısı çıxışında qeyd edib ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır. Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir: “Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır”.

Prezident qeyd edib ki, Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. “Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini - əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq”.

P.İSMAYILOV

Seçilən
45
yeniazerbaycan.com

1Mənbələr