AZ

“Dipfeyk”lə bağlı SENSASİYA: Yaxın gələcəkdə həyatımızda elə şeylər olacaq ki…

Süni intellektin sürətli inkişafı ilə ortaya çıxan dipfeyk texnologiyası artıq dünya siyasətində ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib.

Dipfeyk texnologiyası gələcəkdə seçkilərə və ictimai rəyə necə təsir edə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Azər Həsrət deyib:

Azər Həsrət

“Sözügedən texnologiya artıq bizim həyatımıza elə oturub ki, faktiki olaraq hər şeyi idarə etməyə başlayıb. Özəlliklə də seçki və bütövlükdə siyasi proseslərə yön verir”.

Siyasətçinin sözlərinə görə, Azərbaycanda hazırda seçki keçirmirik. Süni intellektdən bu yöndə istifadə etməmişik və cəhdlərimiz də yoxdur. Amma seçki keçirən ölkələrdə dipfeyk texnologiyalarından istifadənin yaratdığı problemlərlə bağlı çox ciddi narahatlıqlar var:

“Süni intellekt dövründə dipfeykin tətbiq edilməsi fərdlərin deyil, bütövlükdə cəmiyyətlərin manipulyasiya alətinə çevrilməsinin mümkünlüyünü göstərir. Biz artıq insan şüuru tərəfindən deyil, süni intellekt tərəfindən idarə olunuruq, — deyə Azər Həsrət əlavə edib.

“Hər birimiz hər gün iri texnologiyalarla işləyirik. Gün başlayandan bitənə qədər bunların əsiriyik. Bu əsirlikdə də daha çox dipfeyk məhsullarının istehsalının qurbanıyıq. Bəlli bir kəsimin az-çox bu texnologiyalardan başı çıxır. Amma əksəriyyət bunu anlamadığına görə də qurbana çevrilir”, — siyasi şərhçi vurğulayıb.

Gələcəkdən bəhs edən Azər Həsrət sonda bildirib:

“Gələcəkdə seçkilər ictimai rəy məsələlərində çox böyük və ciddi problemlərlə üz-üzə qalacaq. Süni intellekt siyasi proseslərin nəticələrini müəyyənləşdirəcək. Yəni, insanın seçimi arxa plana keçəcək. Bu, çox təhlükəli bir durumdur. Bəşəriyyət yeni ixtiralarla uçurumun dibinə yuvarlanır. Belə bir şəraitdə dövlətləri idarə edənlərin, ayrı-ayrı parlament üzvlərinin, bələdiyyə sədrlərinin seçimi artıq insan zəkası ilə deyil, süni intellektdən asılı olacaq. Süni intellekt bizim üzərimizdə dominantlıq edəcək”.

Dəniz Pənahova
KONKRET.az

Seçilən
30
1
konkret.az

2Mənbələr