AZ

Goranboyda Novruzqabağı el şənliyi

Novruz bayramı münasibətilə ölkənin müxtəlif bölgələrində olduğu kimi, Goranboy rayonunda da silsilə tədbirlər təşkil olunur. Rayonun Qaradağlı kəndində keçirilən bayramqabağı şənlik isə öz rəngarəngliyi və məzmunu ilə yadda qalıb.

Goranboy Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcması və Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy nümayəndəliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə rayon rəhbərliyi, icra strukturlarının nümayəndələri, icma üzvləri, mədəniyyət işçiləri və kənd sakinləri iştirak ediblər.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev iştirakçıları salamlayaraq Novruz bayramının Azərbaycan xalqının qədim ənənələrini, mənəvi dəyərlərini və birlik ruhunu özündə birləşdirən mühüm bayramlardan biri olduğunu qeyd edib. O bildirib ki, bu bayram insanların birliyini, qarşılıqlı hörmətini və milli kimliyini daha da gücləndirir. Azərbaycan dövləti hər zaman soydaşlarımızın hüquqlarının qorunmasına və onların tarixi torpaqları ilə bağlı məsələlərin beynəlxalq müstəvidə gündəmdə saxlanmasına xüsusi önəm verir.

Təntənəli mərasimdə qeyd edilib ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Qərbi Azərbaycan məsələsinə toxunaraq tarixi ədalətin bərpasının və azərbaycanlıların öz doğma yurdlarına sülh yolu ilə qayıdış hüququnun təmin edilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə Qərbi Azərbaycan İcması mühüm rol oynayır və icma soydaşlarımızın hüquqlarının müdafiəsi, onların səsinin beynəlxalq platformalarda çatdırılması və qayıdış ideyasının təşviqi üçün müxtəlif layihələr və təşəbbüslər həyata keçirir.

Novruz şənliyi bayramın rəmzi sayılan tonqal ətrafında bədii hissə ilə davam edib. Rayonun incəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediblər. Musiqi nömrələri, folklor nümunələri və xalqımızın qədim adət-ənənələrini əks etdirən səhnəciklər nümayiş etdirilib. Çoxsaylı iştirakçılar milli birlik, həmrəylik və baharın gəlişini təcəssüm etdirən Novruz ənənəsini böyük sevinc və coşqu ilə qeyd ediblər.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Seçilən
55
1
xalqqazeti.az

2Mənbələr