AZ

Belə 2-ci liqa kimə lazımdı?! - bərbad infrastruktur, pulsuzluq, azarkeşsizlik...

PFL-in bayrağı altında dörd liqada yarışlar keçirilir: premyer-liqa, əvəzedicilər liqası, 1-ci liqa, 2-ci liqa. Əvəzedicilər arasında yarışın təşkilində məqsəd aydındı. 2-ci liqanın da həm adına, həm də səviyyəsinə premyer-liqa ilə 1-ci liqadan geri qaldığı məlumdu. Amma bir ritorik sual vermək istəyirəm: belə 2-ci liqa kimə lazımdı?

Kiçik xatırlatma: 2-ci liqada sonuncu yeri tutan komanda birbaşa Region Liqasına düşür. 11-ci yerdə qərarlaşan komanda isə Region Liqasının finalçısı ilə pley-off oynayır. Çempion komanda birbaşa 1-ci liqaya yüksəlir, eyni qaydada 2-ci yeri tutan 1-ci liqada 11-ci yeri tutanla pley-offda üz-üzə gəlir.

Bildiyiniz kimi, çempionluq uğrunda “Xankəndi” ilə “Qaradağ Lökbatan” arasında gərgin mübarizə gedir. Yəqin ki, son tura qədər də gedəcək. Amma bu gərginlik, maraq yalnız özləri üçün var. Oyunlara azarkeş gəlmir. İllərdi bar-bar bağırırdıq ki, “bölgələrdə futbol, bölgələrdə futbol”. Alın, bu da sizə bölgə futbolu! Oyunlara barmaqla sayılacaq qədər azarkeş gəlir. Heç kimin maraq dairəsində deyil.

Götürək son turdakı “Göygöl” - “Şəki” oyununu. Qarşılaşmanı cəmi 25 tamaşaçı izləyib. 11 qol olub, 25 tamaşaçı gəlib. Az qala hər tamaşaçı üçüniki qol vurulub. Oxşar hadisə 6-cı turun “Araz Saatlı” - “Xankəndi” oyununda da olub: 14 qol, 30 tamaşaçı. Qarabağ təmsilçisinin son ev oyununu da cəmi 30 tamaşaçı izləyib. Həmin turda “Dinamo” - “Şirvan” oyununu izləmək üçün 20 nəfər gəlib. 14-cü turda “Göygöl” - “Dinamo” oyununu da cəmi 20 nəfər izləyib.

İnfrastruktur olduqca aşağı səviyyədədi. “Quba” bölgəsindəki Olimpiya İdman Kompleksində oynayır. Burdakı meydançadan da yanıqlı olmayan yoxdu. Vəziyyət hər kəsə məlumdu. Bir çox klub maliyyə çatışmazlığından əziyyət çəkir. “Araz Saatlı” AFFA-nın ayırdığı pulun (2-ci liqanın hər klubuna mövsüm ərzində 50 min manat verilir – red.) yanlız yolxərcinə çatdığını deyir. “Şəki” mövsümün əvvəlində sponsor tapır, qış olmamış bütün futbolçular, məşqçilər gedir, maaşlar ödənilmir. “Quba”nın prezidenti az qala yalvarır ki, yardım edin, görür heç bir geridönüş yoxdu, istefa verib gedir. Göygöldə, Ağdaşda, Saatlıda kimin futbola marağı var? Şirvanda kimdi futbola baxan? Qonşuları premyer-liqada mübarizə aparır, gələndilərsə, elita oyunlarına gəlsinlər. Ağstafa Qərb zonasıdı. Hər kəs bu bölgədə futbola böyük maraq olduğunu deyir. PFL-in saytında yer alan protokolda 30 tamaşaçı göstərilir. Heç 30 nəfərin gəlməsi də inandırıcı deyil. Bölgələrdə keçirilən kəndlərarası çempionata maraq bundan qat-qat artıqdı. Orda intriqa olur, azarkeşlər gəlir, oyuna rəng qatır.

Bütün oyunlar gündüz keçirilir ki, birdən hava qaralar, stadionu işıqlandırmağa projektor yoxdu. 14-15 yaşlı uşaqlardan, futbol məktəbi görməmiş uşaqlarla birbaşa bu liqaya gəlib, nə etmək olar? Heç nə.

Əziz AFFA və PFL rəsmiləri! Bölgələrdə futbolun populyaşdırılması üçün bu addımı atırsız, yarıpeşəkar futbol liqası yaratmısız. Amma özünüz də görürsüz ki, heç bir maraq yoxdu. İngiltərədə, İspaniyada 2-ci, 3-cü liqa təmsilçiləri elita klublarını kubokda mübarizədən kənarlaşdırır. Bizdə aşağılar elitanın heç yaxınına belə gedə bilmir.

Bu çempionat artıq xərc, klublar üçün də stressdi. Başqa heç nə. Ya həqiqətən də təbliğat aparılmalıdı, azarkeşlər stadionlara cəlb olunmalıdı, ya da birbaşa ləğv edilsin. Hər kluba aylıq 5 min pul düşür. Əlavə sponsor olmadan bu pulla yalnız “baş girələmək” olar.

Hakimlər haqda da danışmağa dəyməz. Elitada az qala hər tur ciddi problemlərlə müşayiət olunursa, 2-ci liqadan nə danışaq?!

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
41
1
football-plus.az

2Mənbələr