AZ

“Sazın səsi, sözün nəfəsi” layihəsi Səməd Vurğunun 120 illik yubileyinə həsr olundu

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Sazın səsi, sözün nəfəsi” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbir Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr edilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova Səməd Vurğunun XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, dramaturq və ictimai xadim kimi də böyük nüfuz qazandığını deyib.

O qeyd edib ki, şairin yaradıcılığı aşıq poeziyası ilə sıx bağlıdır. Bu səbəbdən konsert proqramında əsasən şairin şeirlərinə bəstələnmiş aşıq ifaları səsləndirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, professor Yusif Alıyev və “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov çıxış edərək şairin həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, Səməd Vurğun Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olub, zəngin lirikası və fəlsəfi şeirləri ilə milli poeziyanın inkişafına mühüm töhfələr verib, Azərbaycan dilinin poetik imkanlarını genişləndirib.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev Səməd Vurğunun yaradıcılığını yüksək qiymətləndirib. Şairin irsinə dövlət səviyyəsində göstərilən diqqət və ehtiram bu gün də davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevral ayında böyük şairin 120 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Həmin sənəddən irəli gələrək ölkəmizdə yubiley tədbirləri silsilə şəkildə təşkil olunur.

Tədbir bədii hissə ilə davam edib. Gecədə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Xalq artistləri Gülyaz Məmmədova və Nəzakət Teymurova, Əməkdar artist Zakir Əliyev, BMM-in solisti Kamilə Nəbiyeva, Xəzər Universitetinin müəllimi, aşıq Ramin Qarayev, ifaçı Sahib İbrahimov, aşıqlar Avdı Musayev, Şahin Süleymanov və Samir Cəlaloğlu şairin sözlərinə bəstələnmiş mahnı və aşıq havalarını səsləndiriblər.

Sonda Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan” şeirini səsləndirdiyi anları əks etdirən videoçarx nümayiş olunub.

Seçilən
18
1
kulis.az

2Mənbələr