Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Yaxın zamanda ABŞ Rusiyaya qarşı sanksiyaları yumşalda bilər.
“Reuters”- in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp qlobal neft qiymətlərinin artmasının qarşısını almaq üçün bir sıra tədbirlər nəzərdən keçirir. Agentlik qeyd edir ki, Rusiyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı məsələ də bu tədbirlərə daxildir.
Bir çox mənbələr bildirir ki, bu variantlar Ağ Evin noyabr ayında keçiriləcək konqres seçkilərdən əvvəl qiymət artımlarının ABŞ iqtisadiyyatına zərər verə biləcəyi ilə bağlı narahatlıqlarını əks etdirir. Tramp jurnalistlərə bildirib ki, onun administrasiyası bazarı sabitləşdirmək üçün tədbirlər görür.
"Beləliklə, biz bəzi ölkələrə sanksiyalar tətbiq etdik. Boğaz yenidən açılana qədər bu sanksiyaları qaldıracağıq", – deyə Tramp vurğulayıb. Agentlik hesab edir ki, sanksiyaların yumşaldılması İranla artan münaqişə səbəbindən pozulan qlobal neft tədarükünü artıra bilər.
Analitiklərin fikrincə, Hörmüz boğazından tanker daşınması bərpa olunmayana qədər qiymətləri tez bir zamanda aşağı salmaq mümkün deyil.
“Bu həyati əhəmiyyətli yolla dünya neft tədarükünün təxminən beşdə biri daşınır. Dəniz eskortları və sığorta təmin etmək planı hələlik gəmiçilikdə əhəmiyyətli bir artıma səbəb olmayıb”, – deyən “Reuters” -in məlumatında bu da qeyd olunub ki, uzun müddət davam edən qiymət artımı iqtisadiyyatda nəqliyyat və istehlak xərclərinin artmasına səbəb olur:
“Sanksiyaların yumşaldılmasına geniş güzəştlər və ya müəyyən ölkələrin ABŞ cərimələri olmadan Rusiyadan neft almasına imkan verən hədəflənmiş seçimlər daxil ola bilər”.
“Sanksiyaları yumşaltmaq üçün əlavə bəhanələr var”
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Vaşinqton dünya enerji bazarında qiymətləri tənzimləmək üçün Rusiyaya qarşı sanksiyaları yumşalda bilər:
.jpg)
“Donald Trampın Rusiyaya qarşı sanksiyaları yuşaltmaqla bağlı niyyəti barədə məlumatlar bundan əvvəl də var idi. Tramp administrasiyası Rusiya ilə bir sıra məsələlərdə, xüsusilə sanksiya məsələsində anlaşma əldə etməyə meyillidir. Üstəlik, Yaxın Şərqdə baş verən son hadisələr Ağ Evə Rusiyaya qarşı sanksiyaları yumşaltmaq üçün əlavə bəhanələr verib.
Bu da ondan ibarətdir ki, İranla müharibə dünya bazarında neftin qiymətlərinin sürətlə bahalaşmasına səbəb olub. Belə bir vəziyyətdə əlavə enerji resurslarına ehtiyac yaranıb.
Bu resursların enerji bazarlarına yönləndirilməsi neft qiymətlərinin sabitləşdirilməsi baxımından önəmlidir. Vaşinqton məhz bu məsələni nəzərə alaraq Rusiyaya qarşı sanksiya problemini həll etməyə çalışacaq”.
“Qiymətləri sabitləşdirmək üçün...”
E. Xalidbəyli vurğulayıb ki, dünya enerji bazarında qiymətləri sabitləşdirmək üçün Rusiyanın enerji resurslarını dünya bazarına çıxarmaq lazımdır:
“Ağ Ev bunu təmin etmək niyyətindədir. Böyük ehtimalla, bu, yaxın günlərdə reallaşa bilər. Digər tərəfdən, bunu da nəzərə almaq lazımdır ki, son zamanlar ABŞ ilə Rusiya arasında yaxınlaşma müşahidə edilir.
Hər iki ölkə bir çox məsələlərdə ortaq mövqeyə yaxın davranış sərgiləyir. Bir məqamı da nəzərə almaq lazımdır ki, İrana qarşı hücumlara münasibətdə Rusiya ABŞ-yə sərt reaksiya vermədi. Moskva yalnız bəyanatlar verməklə kifayətlənərək neytral qalmağa üstünlük verdi.
Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ Moskvanın indiki mövqeyini, həmçinin dünya enerji bazarında mövcud vəziyyəti nəzərə alaraq Rusiyaya qarşı sanksiyaları yumşaltmaq qərarına gəlib.
O ki qaldı müharibədən sonra Trampın Rusiyaya münasibətinin dəyişməsinə, qeyd edim ki, bu, qeyri-real görünür. Vaşinqton Moskva ilə əməkdaşlıq etmək məqsədi güdür. Əgər əməkdaşlıq mümkün olacaqsa, Rusiyaya qarşı yenidən sanksiyaları sərtləşdirmək arxa plana keçəcək”.
Yunis Abdullayev
"Cebheinfo.az"
Açar sözlər:
Rusiya Elçin Xalidbəyli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.