Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja əmirliyi sahillərində neft tankeri alovlar içindədir.
Musavat.com xəbər verir ki, İran mediası bu gəminin ABŞ-a məxsus olduğunu və Hörmüz boğazında xəbərdarlıqlara məhəl qoymadığı üçün SEPAH tərəfindən hədəf alındığını iddia edir. Rəsmi Tehran daha əvvəl Marşal adaları bayrağı altında üzən ABŞ-ın "Safe Sia" adlı tankerinə zərbə endirildiyini bəyan etmişdi. BƏƏ rəsmiləri Şarja sahillərindən 21 mil aralıda baş verən yanğının söndürülməsi üçün xilasetmə qruplarının cəlb olunduğunu təsdiqləyiblər.
"Reuters" agentliyinin məlumatına görə, fevralın 28-dən bəri davam edən ABŞ-İsrail və İran qarşıdurması zamanı Fars körfəzi və Hörmüz boğazında ən azı 16 tanker və müxtəlif gəmi hücuma məruz qalıb.
Ümumdünya Gəmiçilik Şurası regionda olan təxminən 20 min dənizçinin həyatının ciddi təhlükədə olduğunu və dəniz yollarında tam qeyri-müəyyənliyin hökm sürdüyünü bildirib.
Hazırda Hörmüz boğazı vasitəsilə kommersiya gəmilərinin hərəkəti faktiki olaraq dayanıb. Sığorta şirkətləri bu zonada üzən gəmilər üçün xidmətləri dayandırıb və ya sığorta haqlarını astronomik həddə qaldırıblar.
Neftin qiyməti 100 dollarlıq həddi keçib. "Aramco" və digər iri enerji şirkətləri boğaz tezliklə açılmasa, dünya iqtisadiyyatının fəlakətlə üzləşəcəyi barədə xəbərdarlıq edirlər.
Britaniyanın dəniz təhlükəsizliyi agentlikləri (UKMTO) bölgədəki bütün gəmilərə maksimum ehtiyatlı olmağı və hərbi gəmilərdən ən azı 30 dəniz mili məsafə saxlamağı tövsiyə edir.
Musavat.com