Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
“Araz-Naxçıvan”ın müdafiəçisi Bəxtiyar Həsənalızadənin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 24-cü turunda “Karvan-Yevlax”ı 2:1 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?
- Keçən oyunda ağır məğlubiyyətlə üzləşmişdik. Bu səbəbdən də “Karvan-Yevlax”la matça ciddi hazırlaşırdıq. Bizə mütləq qələbə lazım idi. Oyunun gedişatından asılı olmayaraq qələbə qazanmalı idik. Şükürlər olsun ki, istəyimizə çatdıq.
- Fasiləyə hesabda öndə yollansanız da, rəqib ikinci hissədə üstün görünürdü. Bu, hesabı qorumaq istəyinizdən irəli gəlirdi?
- Açığı, heç oyuna da yaxşı başlamadıq. İlk dəqiqələrdə istədiyimiz kimi deyildik. Sonradan özümüzə gəldik. Hissənin sonuna yaxın iki ardıcıl qol vurduq. Fasilədən sonra rəqib fəal olsa da, oyuna nəzarət edə bilirdik. Üçüncü qolu vursaydıq, matçın sonları gərgin alınmazdı.
- “Qarabağ”a ağır məğlubiyyətdən sonra bu matça hazırlaşmaq psixoloji cəhətdən nə dərəcə çətin idi?
- Əlbəttə, 0:6 hesabı ilə uduzmusansa, bu, komandaya təsir edəcək. Heç birimiz istəməzdik o cür hesab qeydə alınsın. Psixoloji baxımdan problem yaşayırdıq. Lakin toparlana bildik və “Karvan-Yevlax” üzərində vacib qələbə qazandıq.
- Bu qələbədən sonra avrokuboklar şanslarınızı necə dəyərləndirirsiniz?
- Hazırda 5-ci pillədəyik. “Zirə” ilə xal fərqimiz 3-ə endi. Lakin qarşıda hələ 9 tur var. Çox şey dəyişə bilər. Üstəlik, dördüncü yer uğrunda təkcə “Araz-Naxçıvan”la “Zirə” deyil, eləcə də “Sumqayıt” və “Neftçi” də mübarizə aparır. Son tura qədər gərgin rəqabət gedəcəyini düşünürəm. Biz də sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq.
- Növbəti turda “Şamaxı”nın qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Çətin oyun olacaq. “Şamaxı” evdə istənilən komandaya qarşı çətinlik yaradır. Lakin məqsədimiz qələbə qazanmaqdır. Çempionatda yaranacaq fasiləyə yüksək əhval-ruhiyyədə yollanmaq üçün səfərdən 3 xalla qayıtmağa çalışacağıq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.