"Şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün dövlətimiz çox ciddi addımlar atır. Ən vacib dövlət tədbirlərində şəhid ailələri ön plandadır. Buradan götürdüyümüz nümunəni də hər bir şəxs davam etdirir". Baki-xeber.com-un məlumatına görə, bunu Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının martın 13-də Şamaxı rayon Mədəniyyət Mərkəzində "44 gün – Tarixi zəfər" adlı çoxcildliyin III və IV cildlərinin təqdimat mərasimində deyib.
T.Məmmədov vurğuladı ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən növbəti cildin nəşr edilib şəhid ailələrinə təqdim edilməsi çox gözəl təşəbbüsdür, addımdır. "Canını Vətən uğrunda qurban verən bütün şəhidlərimizin adlarının bir silsilə kitab cildlərində, ensiklopediyada əbədiləşdirilməsi çox böyük işdir. Şəhidlərin adlarının kitablarda əbədiləşdirilməsi həm gələcək nəsillər üçün bir dərs vəsaiti, bir örnək, bir tarixdir, eyni zamanda da bir arxiv materialıdır. Bu arxiv materialları əsrlərlə qalacaq, bu məlumatlar itməyəcək, yaşayacaq və gələcək nəsillər ondan istifadə edəcəklər. Beş əsr sonra dabu kitabların həm elektron versiyası, həm də çap variantı dövlətimizin arxivlərində qalacaq. Araşdırmaçılar, tarixçilər, gələcək nəsillər o kitabları vərəqləyib Şamaxıdan, Qobustandan, İsmayıllıdan, Ağsudan və başqa rayonlarımızdan, şəhərlərimizdən olan şəhidlərimizin adlarını oradan tapacaqlar ki, bizim ulu babalarımızın, əcdadlarımızın adları buradadır, Vətən uğurunda vuruşublar, bu tarixdə vuruşub, bu tarixdə şəhid olub ucalıblar.
Mən Mədəniyyət Nazirliyinə, Respublika Xatirə Kitabı Redaksiyasının rəhbəriNəzakət xanıma və kollektivinə dərin təşəkkürümü bildirəm ki, belə vacib bir işə qol qoyublar, onun da öhtəsindən uğurla gəlirlər. Bu kitabların üzərində uzun müddət çalışırsınız, bu çox böyük zəhmət, eyni zamanda diqqət, qayğı tələb edən işdir..."-deyə Tahir Məmmədov bildirdi.
İradə SARIYEVA
Şamaxı-Bakı
