"Formula-1" üzrə 2026-cı il mövsümünün Çində keçirilən ikinci mərhələsində sprint yarışı baş tutub. Yarışda Corc Rassell inamlı performansı ilə qalib adını qazanıb.
Milli.Az xəbər verir ki, "Mercedes-AMG Petronas Formula One Team" komandasının 28 yaşlı pilotu sprint təsnifatında əldə etdiyi birincilik sayəsində yarışa ilk pillədən start verib. Start anında liderliyi qısa müddətlik itirsə də, Rassell tezliklə mövqeyini geri qaytararaq finişə qədər üstünlüyünü qoruyub və rəqiblərinə şans tanımayıb.
İkinci yer uğrunda gərgin mübarizədə "Scuderia Ferrari" pilotu Charles Leclerc fərqlənərək finiş xəttini ikinci keçib. Onun komanda yoldaşı, yeddiqat dünya çempionu Lewis Hamilton isə yarışı üçüncü pillədə tamamlayıb.
İlk altılıqda həmçinin Lando Norris ("McLaren"), Andrea Kimi Antonelli ("Mercedes") və Oscar Piastri ("McLaren") qərarlaşıblar. Sprint yarışında xal qazanan son iki pilləni isə Liam Lawson ("Racing Bulls") və Oliver Bearman ("Haas F1 Team") tutublar.
Yarışın diqqət çəkən məqamlarından biri isə son illərin dominant pilotlarından biri olan dördqat dünya çempionu Max Verstappen ("Red Bull Racing") üçün uğursuz nəticə olub. O, sprinti yalnız doqquzuncu pillədə başa vuraraq xalsız qalıb.
Yarışın ikinci yarısında isə bir neçə texniki problem yaşanıb. "Audi" komandasının pilotu Nico Hülkenberg bolidində yaranan nasazlıq səbəbindən mübarizəni dayandırmalı olub və bu səbəbdən trasa təhlükəsizlik avtomobili çıxarılıb. Bundan əlavə, Arvid Lindblad ("Racing Bulls") və Valtteri Bottas ("Cadillac Formula 1 Team") da mexaniki problemlər üzündən yarışı yarımçıq tərk ediblər.
Qeyd edək ki, əsas yarışın start düzümünü müəyyən edəcək sıralanma turu bu gün Bakı vaxtı ilə saat 11:00-da keçiriləcək.
Milli.Az