Ümumdünya Şəhərsalma Forumu (WUF13) qlobal səviyyədə mənzil və şəhər inkişafı problemlərinin müzakirəsi üçün mühüm imkan yaradacaq.
APA xəbər verir ki, bunu BMT-nin Baş Assambleyasının 73-cü sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər naziri Maria Fernanda Espinoza XIII Qlobal Bakı Forumu çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunmuş mətbuat brifinqində deyib.
“Dünyada 1,1 milyard insan gecəqondularda və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, təxminən 300 milyon insan isə evsizdir. Bu rəqəmlər daha yaxşı siyasətin, daha böyük investisiyaların və güclü siyasi iradənin vacibliyini göstərir”, – Espinosa qeyd edib.
Onun sözlərinə görə, şəhərsalma və mənzil siyasəti iqlim fəaliyyəti ilə sıx bağlıdır və bu baxımdan tədbirin əhəmiyyəti daha da artır.
Espinosa qeyd edib ki, bu proseslər arasında ardıcıllıq xüsusilə Bakıda keçirilmiş COP29 ilə əlaqədə də özünü göstərir. “Ümumdünya Şəhərsalma Forumu liderlərin, ekspertlərin və BMT sisteminin nümayəndələrinin bir araya gələrək mənzil böhranının həlli üçün siyasət, investisiya və şəhər planlaşdırılması sahəsində həll yollarını müzakirə etdiyi platformadır”, – o vurğulayıb.
Sabiq XİN rəhbərinin sözlərinə görə, Azərbaycanın qonaqpərvərliyi, təşkilati imkanları və zəngin tarixi-mədəni irsi forumun uğurla keçirilməsinə töhfə verəcək.
O əlavə edib ki, WUF13 çərçivəsində aparılan müzakirələr həm də 2016-cı ildə qəbul edilmiş Yeni Şəhər Gündəliyinin 10 illik icmal prosesinə töhfə verəcək.