9 mart buraxılış imtahanından sonra iştirak edən bəzi abituriyentlər və valideynlər test tapşırıqlarının tərtibatı ilə bağlı narazılıqlarını ifadə edirlər. Onların fikrincə, bəzi suallar məktəb proqramından kənara çıxır. Eyni zamanda, şikayət edənlər arasında sualların aydın və düzgün tərtib olunmadığını, bəzi tapşırıqların mətninin isə həddindən artıq uzun olduğunu və verilən vaxtla uyğun gəlmədiyini bildirənlər də var.
AzEdu.az xəbər verir ki, aparılan müzakirələrdə yer alan əsas məsələlərlə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə iddialara cavab verib.
"İnsanlar bəzən imtahanın məqsədini düzgün qiymətləndirmirlər. Buraxılış imtahanları yekun attestasiya ilə bərabər, ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsidir. Həmçinin kollecə qəbul olmaq üçün də bu nəticələr əsas götürülür. Yəni biz bilik və bacarıqlarına görə imtahan iştirakçıları arasında müəyyən seçim etməliyik. Ona görə də imtahanda çətin tapşırıqlar da olur. Çünki yüksək hazırlıqlı abituriyentləri də fərqləndirmək lazımdır. Ancaq kimsə iddia edə bilməz ki, imtahan ümumilikdə çətindir və iştirakçıların testlərə cavab vermək imkanları olmayıb.
Ənənəvi təhlillərimiz göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi insanlar tərəfindən səsləndirilən mülahizələr doğru olmur. İmtahanın çətinliyi ilə bağlı sosial şəbəkələrdə yazılanlara əsasən fikir yürütmək olmaz. Sosial şəbəkələrdə bəzən yalnız bir tapşırığa görə ümumilikdə imtahanın çətin olması fonu yaradılır. Ancaq həqiqətdə belə olmur. Test blokunda orta və asan tapşırıqlar da yer alır. Bizim təhlillərimiz də bunu göstərir. İmtahanda istifadə olunan testlərin etibarlılıq əmsalları çox yüksəkdir. Mən hər bir müəllimə, ekspertə, eləcə də pedaqoji ictimaiyyət nümayəndələrinə DİM-in saytında yerləşdirilən "Abituriyent 12" jurnalını açıb oxumağı tövsiyə edirəm. Hər hansı bir fikir yürütməzdən əvvəl, gərək sizin əlinizdə onları əsaslandıra biləcək məlumat bazası olsun. Bu xüsusilə kütləvi imtahanlar zamanı çox vacibdir".
(mənbə:Oxu.az)