“Sumqayıt”da qəribə ənənə var. Komanda nə vaxt uğurlu çıxış etsə, klubun prezidenti Riad Rəfiyevin adı ön plana çıxır. Onun baş məşqçi seçimi, transferləri dillər əzbərinə çevrilir. Rəfiyev az qala ölkənin bir nömrəli klub prezidenti olur.
Amma nə vaxt ki, “Sumqayıt”da işlər pisləşir, komanda uduza-uduza gedir, Rəfiyevdən danışan olmur. Baş məşqçiyə hücum edilir, futbolçular günahlandırılır, amma klub rəhbərinin adı çəkilmir.
9 turdur qələbə qazana bilməyən komandaya ünvanlanan tənqidlərə baxın: futbolçular mübarəzi aparmır, bilə-bilə oynamırlar, baş məşqçinin xarakteri yumşaqdır.
Elə bu?
Bəs bu heyəti yığan Rəfiyevi mövsüm əvvəlində yeri-göyə sığdırmırdınız axı. İndi nə oldu? Komanda xaraktersiz çıxdı?
Bəs kluba cavabdeh olan R.Rəfiyev? Əgər komandada bu qədər problem varsa, rəhbər kimi o nə işə baxır?
Bir komandada futbolçular oynamırsa, baş məşqçi yumşaqdırsa, buna müdaxilə edib, vəziyyəti dəyişmək elə rəhbərin işi olmalıdır. Riad Rəfiyev komandanın azarkeşi, “Sumqayıt”a futbolçu gətirən menecer olmaqla bərabər, həm də klubun prezidentdir.
Xaosu idarə etmək məhz onun işidir. Edə bilmirsə, gizlədilməməli, arxa plana keçməməlidir. Tam əksinə, ön plana çıxmalıdır. Birinci hədəf olmalıdır.
“Karvan-Yevlax” oyunundan sonra baş məşqçi Saşa İliçin açıqlaması klubda necə anlaşılmaz idarəedicilik olduğunu göstərir. Bilinmədi ki, serbiyalı Rəfiyevi hədəf göstərir, üstüörtülü şəkildə işinə qarışdığını bildirir, yoxsa bəhanə edir?
Mövsümün ortasında, yarışın davam etdiyi bir vaxtda “gəncləri oynadaq” strategiyası hardan və ya kim tərəfindən ortaya çıxdı? Bu sözlərdən cəmi bir həftə sonra 7 legionerlə meydana çıxan İliçə kim göz ağartdı?
Heç nəyi bilinməyən, ancaq suallarla dolu bir kluba çevrilib “Sumqayıt”. Və bütün bunlara nəzarət etməli olan Riad Rəfiyev həmişə öz yerindədir. O, toxunulmazdır.
Özlərinin də dediyi kimi, böyük şəhərin tək komandasının hədəfi ancaq Premyer Liqada ortabab olmaqdır. Hamı gedər, hamı dəyişər, yalnız Rəfiyev qalar. Bu, “Sumqayıt”ın xroniki xəstəliyinə çevrilib.
Həsən Quluzadə