AZ

Qlobal Bakı Forumu Azərbaycanın dünyada etibarlı tərəfdaş, sülh və əməkdaşlıq məkanı kimi mövqeyini gücləndirir ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Qlobal Bakı forumları da bu baxımdan dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan biridir. Artıq ölkəmiz XIII Qlobal Bakı Forumuna ev sahibliyi edir. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 12-14-də “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu keçirilir. Forumun mövzusu beynəlxalq ictimaiyyəti düşündürən aktual məsələləri əhatə edir.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, uzun illərdir Qlobal Bakı Forumu qlobal problemlərin təhlili, siyasi dialoqun təşviqi və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm strateji platforma statusunu qazanıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə təşkil olunan bu tədbir müasir çağırışların həllinə və qlobal əməkdaşlığa əhəmiyyətli töhfələr verir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər. Ənənəvi qaydada keçirilən Qlobal Bakı Forumu dünyanı birləşdirən səmərəli platforma kimi dəyərləndirlir. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

“Prezident İlham Əliyev budəfəki çıxışında da regionda və dünyada cərəyan edən proseslərlə bağlı fikirlərini ifadə edib, dərin siyasi mesajlar verib. Dövlətimizin başçısı təhlükəsizlik, sabitlik və müdafiə məsələlərinin hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olduğunu söyləyib. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Nəzərə alaq ki, öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.

Dövlətimizin başçısı çıxışı zamanı regional təhlükəsizliyin Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olduğunu vurğulayıb. Danılmaz faktdır ki, hazırda dünyada yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli münaqişələrin mövcudluğu beynəlxalq davranış strukturuna təhdid təşkil edir və bu, həmçinin beynəlxalq hüquqa təhdiddir. Beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur”, - deyə o əlavə edib.

P.Kərimzadə qeyd edib ki, bu mühüm beynəlxalq tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verməyi hədəfləyir. Bu amil forumun genişmiqyaslı təsirini, beynəlxalq arenada əhəmiyyətini, ölkəmizin beynəlxalq dialoqa verdiyi töhfəni və multilateralizmə sadiqliyini bir daha nümayiş etdirir. Bütün bunlar isə ümumilikdə Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş, sülh və əməkdaşlıq məkanı kimi mövqeyini gücləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
azertag.az

2Mənbələr