AZ

İmtahanda uğur üçün vacib məsləhət: “Sualları asandan çətinə həll edin”

Sabah 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək.

9 mart tarixində buraxılış imtahanı keçirilib. İmtahandan sonra şagirdlər arasında sualların çətin olması ilə bağlı narahatlıqlar yaranıb və bəzi şagirdlərdə psixoloji gərginlik müşahidə olunub.

Bu gərginlik səbəbindən 15 mart tarixində digər zonalarda imtahan verəcək şagirdlər qorxu hissi yaşayır, düşünürlər ki, imtahan çox çətin olacaq və nəticələrimiz yaxşı olmayacaq.

Maraqlıdır, bu psixoloji gərginlik şagirdlərin imtahan nəticələrinə necə təsir göstərə bilər?

AzEdu.az mövzu ilə bağlı psixoloq Aytən Ələkbərovadan  açıqlama alıb.

177932

Psixoloq qeyd edib ki, hətta ən yaxşı oxuyan, yüksək nəticə göstərən abituriyentlər belə imtahan öncəsi “proqramı çatdıra bilməmişik” deyə ciddi təşviş keçirirlər:

“İmtahan həyəcanı qərinələr boyu insanların yaşadığı ən böyük gərginliklərdən biri olub. Bu həyəcan müxtəlif emosional reaksiyalarla özünü göstərir: bəziləri isterik vəziyyətə düşür, bəziləri hönkürtü ilə ağlayır, bəziləri isə “hər şey çox rahat idi” desə də, sonda qeyri-qənaətbəxş nəticə ilə qarşılaşır. İllərdir davam edən bu halları biz normal qəbul edir və anlayışla qarşılayırıq.

Son illərin imtahanlarında müşahidə edirik ki, hətta ən yaxşı oxuyan, yüksək nəticə göstərən abituriyentlər belə imtahan öncəsi “proqramı çatdıra bilməmişik, necə olacaq?” deyə ciddi təşviş keçirirlər.

Bu məqamda övladlarının çətin anında yanında olan, onlara dəstək verən valideynlərə xüsusi təşəkkürümü bildirirəm. Psixoloji immuniteti artırmaq üçün mütəxəssisə müraciət edənlərə ən böyük tövsiyəm budur: çalışın, məsuliyyəti siz idarə edəsiniz, məsuliyyət hissi sizi yox. Əgər həyəcanınızı idarə edə bilsəniz, atdığınız addımlar daha uğurlu olacaq. Əks halda, həyəcanın sizi idarə etməsinə icazə versəniz, “uğursuzluq” düşüncəsinə qərq ola bilərsiniz".

İmtahanın son gününə qədər dərs oxumaq beyində “fors-major” hallara yol açır; bu isə bildiklərini belə tətbiq edə bilməmək riskidir:

“Abituriyentlər üçün ən yanlış vərdişlərdən biri imtahanın son gününə qədər dərs oxumaqdır. Bu, beyində gözlənilməz “fors-major” hallara yol aça bilər və nəticədə şagird imtahanda bildiklərini belə tətbiq edə bilməz. Qidalanmadan tutmuş fiziki və psixoloji hazırlığa qədər hər bir detal bədənin bu yükü daşıması üçün önəmlidir.

Valideynlərə və müəllimlərə tövsiyə edirəm ki, sonuncu gün “bunu da oxu, xeyri olar” deyərək uşaqlarda stres (kortizol) hormonunu artırmasınlar. Stres artdıqca, həyəcan məsuliyyət hissini üstələməyə başlayır".

İmtahan suallarını “çətindən asana” deyil, “asandan çətinə” doğru həll edin ki, beyniniz bu yükə tədricən uyğunlaşsın:

“Digər bir yanlış yanaşma isə imtahan suallarını “çətindən asana” doğru həll etməyə çalışmaqdır. Halbuki suallar mütəxəssislər tərəfindən müəyyən bir sistemlə - asandan çətinə doğru hazırlanır ki, beyin buna tədricən uyğunlaşsın. Abituriyentlər bu ardıcıllığa riayət etsələr, daha yaxşı nəticə əldə edə bilərlər.

Təbii ki, ayın 9-da imtahan vermiş abituriyentlərimizdən yüksək nəticələr gözləyirik. Onlara çox güvənirəm, çünki psixoloji olaraq tam sağlam olduqlarına əminəm. 15-də keçiriləcək imtahana da hazırlaşırıq və hətta 9-da imtahan verən şagirdlərimizi 15-də imtahan verəcək şagirdlərlə görüşdürməyə çalışdıq.

Bu bir neçə gün ərzində məqsədimiz onların yalnız imtahanın çətinliyini deyil, həm də oraya daxil olduqları və çıxdıqları zaman yaşadıqları hissləri anlamalarıdır. Onlar “Artıq mən böyümüşəm, artıq müstəqiləm, artıq nəyinsə öhdəsindən gələ bilərəm” düşüncəsi ilə imtahana daxil olduqda, təbii ki, uğur qazanacaqlar.

Valideynlərə də tövsiyəm budur: övladlarının səhvlərinə səbrlə yanaşsınlar və onlara hər zaman yanlarında olduqlarını hiss etdirsinlər. Övladlarının yolunda maneə olmaq yox, dəstək olmaq önəmlidir. Abituriyentlərimizə bolluca uğurlar arzu edirəm. Təkrar edirəm: çalışsınlar ki, imtahan zamanı həyəcan, məsuliyyət və diqqəti düzgün idarə edə bilsinlər".

Seçilən
4
1
azedu.az

2Mənbələr